Azərbaycan multimodal marşrutların kəsişdiyi əsas mərkəzə çevrilib – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyinin Dəmir Yolu Nəqliyyatı Şurasının
83-cü iclasının Bakıda keçirilməsi Azərbaycanın qlobal nəqliyyat
arxitekturasında artan rolunu bir daha təsdiqləyən hadisə oldu. Son
illərdə Bakı Şərq–Qərb, Şimal–Cənub və Xəzər hövzəsində formalaşan
yeni multimodal marşrutların kəsişdiyi əsas mərkəzə çevrilib.

Bunu Trend
politoloq Azər Qarayev deyib.

“Azərbaycan təkcə beynəlxalq nəqliyyat təşəbbüslərində iştirak
etmir, eyni zamanda onların məzmununu formalaşdırır. Şimal-Cənub
Nəqliyyat Dəhlizi üzrə yük dövriyyəsinin 2028-ci ilin 1
yanvarınadək 5 milyon tona çatdırılması, daha sonra isə 15 milyon
tona yüksəldilməsi planlaşdırılır. Bu rəqəmlər sadəcə bəyanat deyil
– uzunmüddətli planlaşdırmanın və ardıcıl infrastruktur siyasətinin
nəticəsidir. Azərbaycanla Rusiya arasında ötən il imzalanmış
tranzit daşımalarının inkişafına dair sənəd Şimal-Cənub dəhlizinin
real rəqabətqabiliyyətli nəqliyyat xəttinə çevrilməsi üçün hüquqi
və texniki baza yaradıb. Bu marşrut üzrə dəmir yolu
infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların
tətbiqi, tarif mexanizmlərinin razılaşdırılması və logistika
proseslərinin rəqəmsallaşdırılması Azərbaycanın regiondakı rolunu
daha da möhkəmləndirir”, – o bildirib.

Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xətti layihəsi bu
kontekstdə xüsusi vurğulanmalıdır.

“Bu xəttin illik buraxılış gücü 15 milyon ton nəzərdə tutulur və
2026-cı ilədək Ermənistan sərhədinədək tamamlanması planlaşdırılır.
Bu layihə təkcə infrastrukturun bərpası deyil – həm də Şərqi
Zəngəzurun ölkənin ümummilli nəqliyyat sisteminə tam inteqrasiyası,
Azərbaycanın isə regiondakı nəqliyyat-kommunikasiya
konfiqurasiyasında həlledici rolunu daha da möhkəmləndirməsinin
göstəricisidir. İclasda MDB məkanının nəqliyyat potensialına xüsusi
diqqət çəkildi. Şura üzvü olan ölkələrin dəmir yolları üzrə toplam
yük dövriyyəsi ötən il 3 trilyon ton-kilometrə çatıb ki, bu da
ABŞ-nin birinci sinif dəmir yollarından 30%, Avropa İttifaqından
isə səkkiz dəfə çoxdur. Bu rəqəmlər təkcə regiondakı inteqrasiya
dərinliyini deyil, həm də Avrasiya dəmir yolu sisteminin qlobal
logistika məkanında artan çəkisini göstərir. Bu sistemdə isə
Azərbaycan ən vacib keçid nöqtələrindən biridir”, – o bildirib.

A.Qarayev bildirib ki, Bakı-Tbilisi-Qars, Orta Dəhliz və
Şimal-Cənub layihələri ölkənin qlobal nəqliyyat xəritəsindəki
mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

“İclasın ən mühüm nəticələrindən biri Azərbaycan, Rusiya və
İranın dəmir yolu qurumları arasında imzalanan üçtərəfli Anlaşma
Memorandumu oldu. Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını,
vahid kompleks tarifin formalaşdırılmasını, blok-qatarların
müntəzəm işə salınmasını və daşımaların prosedurlarının
təkmilləşdirilməsini nəzərdə tutur. Bu addımlar Şimal-Cənub
marşrutunu daha sürətli, daha şəffaf və iqtisadi cəhətdən əlverişli
logistika zəncirinə çevirmək üçün böyük potensial yaradır. Vahid
tarif siyasəti, xüsusən də İran-Azərbaycan-Rusiya xətti üzrə,
regionun inteqrasiyasını dərinləşdirir və Azərbaycan üçün strateji
imkanlar açır. Rusiya cənub istiqamətlərini genişləndirməkdə
maraqlıdır, İran isə Avrasiya nəqliyyat şəbəkələrinə daha fəal
şəkildə qoşulur. Bu şəraitdə bütün yolların Azərbaycan üzərindən
keçməsi ölkəmizə həm iqtisadi üstünlüklər, həm də geosiyasi təsir
imkanı qazandırır”, – o bildirib.

Politoloq vurğulayıb ki, logistika proseslərinin şəffaflığı və
sinxronizasiyası da çox vacibdir.

“Müasir dünyada dəhlizlər təkcə məsafə və xərc üzrə deyil, həm
də xidmətin sürəti, rəqəmsal inteqrasiya səviyyəsi və sabitlik üzrə
rəqabət aparır. Azərbaycan isə uzun müddətdir ki, sərhədkeçmə
nöqtələrinin rəqəmsallaşdırılması, yüklərin izlənməsi,
prosedurların avtomatlaşdırılması kimi həlləri tətbiq edən regionun
qabaqcıl ölkələrindən biridir. Beləliklə, Bakıda keçirilən iclas
bir daha göstərdi ki, Azərbaycan Avrasiyanın nəqliyyat
transformasiyasının mərkəzində dayanır. Bakı-Tbilisi-Qars xətti,
Orta Dəhlizin genişləndirilməsi, Şərq-Qərb infrastrukturunun
modernləşdirilməsi və Şimal-Cənub dəhlizi üzrə görülən
genişmiqyaslı işlər ölkəmizi Avropa, Orta Asiya, Rusiya, İran və
Türkiyəni birləşdirən strateji körpü rolunu gücləndirir. İmzalanmış
sənədlər və səslənən bəyanatlar göstərir ki, Azərbaycan qlobal
logistika dəyişikliyini izləyən deyil – onu formalaşdıran ölkədir.
Bu gün regionda dəhlizlər arasında rəqabət güclənir, lakin
Azərbaycan coğrafi mövqeyini, siyasi sabitliyini və məqsədyönlü
nəqliyyat strategiyasını istifadə edərək özünü Avrasiyanın əsas
nəqliyyat düyünü kimi təsdiqləyir. Bakıda baş tutan 83-cü iclas isə
bu prosesin növbəti mühüm mərhələsi oldu”, – A.Qarayev əlavə
edib.