Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmi olaraq növbəti baş katibin seçilməsi üçün prosesin başladığını elan edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının prezidentlərinin bununla bağlı birgə məktubu üzv ölkələrə namizədlərin irəli sürülməsi çağırışını edib.
Məktubda qeyd olunur ki, prosesin şəffaflığı və gender balansının nəzərə alınması məsələsi də seçki müzakirələrinin əsas mövzuları arasında yer alır. İndiyədək baş katib postunda heç bir qadın olmayıb. Bu səbəbdən üzv dövlətlərə qadın namizədləri irəli sürmək üçün ciddi düşünmək tövsiyə olunur. Eyni zamanda seçimin regional müxtəliflik prinsiplərinə uyğun aparılması vacibliyi vurğulanıb.
Hazırkı baş katib Antoniu Quterreşin yerini tutacaq şəxs 1 yanvar 2027-ci il tarixindən 5 illik müddətə seçiləcək. BMT nizamnaməsinin 97-ci maddəsinə əsasən, namizədlər Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təsdiq ediləcək.
İndiyə qədər rəsmi namizədliyini açıqlayanlar arasında Çilinin sabiq prezidenti olmuş Mişel Baçelet, Kosta Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru, argentinalı diplomat Rafael Qrossi var.
Diplomatik dairələrdən bildirilir ki, namizədliyə maraq yüksəkdir, lakin üzv dövlətlər hələlik rəsmi siyahılar açıqlamayıb. Gözləntilərə görə, yaxın həftələrdə ilk namizədlərin açıqlanacağı və seçki prosesinin ilin sonuna qədər davam edəcəyi ehtimal olunur. BMT rəsmiləri prosesin inkluziv və qlobal çağırışlara cavab verən liderlik məqsədi daşıdığını vurğulayırlar.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

