
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsus Nümayəndəliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə bugün Cəbrayıl rayonunun Horovlu kəndində ağacəkmə aksiyası keçirilib.
APA-nın bölgə müxbiri xəbər verir ki, aksiya öncəsi sakinlərlə kənd ərazisində yerləşən parkda görüş keçirilib.
Horovluda görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, kənddə birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib.
Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Artıq kənddə 94 ailə olmaqla 402 nəfərin məskunlaşdığı və köç ptrossesinin davam etdiyi bildirilib. Görüş zamanı sakinləri maraqlandıran suallar cavalandırılıb. Daha sonra park ərazisində ağacəkmə aksiyası keçirilib. Sakinlər də aksiyada iştirak ediblər.
Kəndin park ərazisində keçirilən aksiya çərçivəsində 70 ədəd Oleandr, 50 ədəd Zeytun, 450 ədəd Şərq çinarı, 100 ədəd Yapon əzgili, 50 ədəd Gavalı, 200 ədəd Eldar Şamı, 250 ədəd Piramidal Sərv olmaqla, ümumilikdə 1170 ağac əkilib. Daha sonra Cəbrayıl şəhərindəki Dostluq Bulağına baxış olub. Məlumat verilib ki, bulaq kompleksi hələ 1980-ci illərin əvvəllərində inşa olunub və birlik rəmzi mənasını bildirib. Kompleksin suyu isə 3 kilometr kənarda olan olan Hüseyn Ağa kəhrizindən çəkilib və bulaq kompleksi hər zaman gur sululuğu ilə seçilib. Lakin işğal zamanı sözü gedən bulaq kompleksi də dağıntıya məruz qalıb üzərində olan əl işləmələri sıradan çıxıb.
Daha sonra Cəbrayıl şəhərində gəzinti təşkil edilib. Şəhər barədə ətraflı məlumat verilib. Cəbrayıl şəhərində artıq 659 ailə olmaqla 2856 nəfərin məksunlaşdığı diqqətə çatdırılıb.
Həmçinin Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdlə tanışlıq olub və kollektivlə görüş keçirilib. Qeyd edilib ki, məktəb 960 şagird yerlikdir. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitlər ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb. Hazıra məktəbdə 335 şagird təhsil alır və 28 müəllim 8 texniki işçi olmaqla 36 nəfər çalışır. Məktəbin bu il beş məzunu olub ki, onalardan da 4 nəfəri tələbə adını qazanıb.

