UN-Habitat və Azərbaycan WUF13-ün hazırlıq prosesini Nayrobidə media ilə bölüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
WUF13-ün milli koordinatoru Anar Quliyev bu gün Keniya
Respublikasının paytaxtı Nayrobidə beynəlxalq mediaya 17-22 may
2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On
Üçüncü sessiyasına (WUF13) hazırlıqlar barədə məlumat veriblər.

Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura
Komitəsindən məlumat verilib.

Bildirilib ki, WUF13 Yeni Şəhər Gündəliyinin ortamüddətli icrası
baxımından vacib qlobal dəyərləndirmə platforması olacaq.

Bu sessiya Azərbaycanın Respublikasının Keniya və Konqoda
fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidə daimi
nümayəndəsi Sultan Hacıyevin moderatorluğu ilə həyata
keçirilib.

A. Rossbax WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunun aktuallığını
vurğulayaraq qeyd edib: “Bu qlobal kontekstdə WUF13 sadəcə bir
konfrans yox, həm də Yeni Şəhər Gündəliyi və BMT-nin dayanıqlı
şəhər və cəmiyyətlər üzrə Dayanıqlı İnkişaf Məqsədi üçün mühüm bir
dəyərləndirmə platformasıdır. Bu Forum üzv dövlət və tərəfdaşlara
iqlim böhranı ilə sıx əlaqəli olan qlobal mənzil böhranının həlli
istiqamətində öhdəliklərin icrasını qiymətləndirməyə, boşluqları
müəyyənləşdirməyə və qarşıdakı onillik üçün prioritetləri
formalaşdırmağa imkan verəcək”.




O, 2026-cı ilin qlobal şəhər gündəliyi üçün mühüm il olduğunu da
diqqətə çatdırıb.

Rossbax əlavə edib ki, WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi
üzrə nazirlər görüşü keçiriləcək, nəticələr isə 2026-cı ilin qlobal
qiymətləndirmə proseslərinə daxil ediləcək. Həmçinin WUF13-də
“Dünya şəhərləri üzrə 2026-cı il hesabatı” da təqdim olunacaq.

WUF13-ün milli koordinatoru Anar Quliyev ev sahibi ölkə kimi
Azərbaycanın irəli sürdüyü yeni təşəbbüsləri təqdim edərək, ilk
dəfə keçiriləcək Liderlərin Zirvə Görüşünün qlobal şəhərsalma
prioritetləri üzrə yüksək səviyyəli siyasi dialoq üçün xüsusi
platforma olacağını bildirib. O, şəhərlərin və yerli idarəetmələrin
müzakirələrin formalaşmasındakı rolunu vurğulayıb, həmçinin
innovasiyalar, iqlimə uyğun tikinti və müasir mənzil
texnologiyalarının təşviqində özəl sektorun geniş iştirakının
əhəmiyyətini qeyd edib.

A. Quliyev bildirib: “WUF13 üzrə hazırlıq işləri tam sürətlə
davam edir. Biz bu Forumu dayanıqlılıq, müyəssərlik və
təhlükəsizlik prinsiplərinə əsaslanan dünya səviyyəli bir tədbir
kimi təşkil etmək üçün bütün təşkilati, logistika və əməliyyat
məsələlərini koordinasiyalı şəkildə həyata keçiririk”.

Qeyd edək ki, Keniya Respublikasının paytaxtı Nayrobi şəhərində
təşkil olunan bu media brifinqi UN-Habitat-ın İcraiyyə Şurasının
3-cü sessiyası çərçivəsində keçirilib.