İnternat məktəbində həkim ştatı olsa da, xidmət təşkil edilmir – Ombudsman Aparatı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq
Mexanizmi fəaliyyəti çərçivəsində 11 nömrəli İnteqrasiya təlimli
internat məktəbinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmənin
keçirilməsində məqsəd müəssisədə saxlanılan uşaqlarla rəftar və
onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin
araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və hüquqi
tələblərə uyğunluq vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisədə həkim ştatının olmasına baxmayaraq,
həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi müəyyən edilib.
Bununla yanaşı, uşaqlar tərəfindən istifadə olunan məişət
əşyalarının yararlılıq vəziyyətinin qənaətbəxş olmadığı və
tələblərə cavab vermədiyi müşahidə olunub, onların yenilənməsi
istiqamətində tədbirlərin görülməsi tövsiyə edilib.




Eyni zamanda, müəssisə sakinləri ilə fərdi qaydada söhbətlər
aparılıb, onların mövcud şərait və göstərilən xidmətlərin
keyfiyyəti ilə bağlı fikirləri öyrənilib.

Başçəkmə çərçivəsində uşaqlar üçün maarifləndirici görüş təşkil
olunub, onlara hüquq və vəzifələri, BMT-nin “Uşaq hüquqları
haqqında” Konvensiyanın tələbləri, hüquq pozuntularının mahiyyəti
və bu pozuntuların yaratdığı hüquqi nəticələr ətraflı izah edilib,
həmçinin Ombudsmanın səlahiyyətləri və uşaq hüquqlarının müdafiəsi
sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib,
müəssisəyə Müvəkkilin təşəbbüsü ilə hazırlanmış hüquqi
maarifləndirici nəşrlər təqdim edilib.

Başçəkmənin yekununda müəssisənin rəhbərliyinə müvafiq
tövsiyələr verilib və hüquqi maarifləndirici söhbət aparılıb.