Azərbaycan-Vatikan münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Vatikan şəhərinə rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın
Dövlət Katibi, kardinal Pietro Parolin ilə görüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan–Vatikan
münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf
perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və
qlobal məsələləri müzakirə ediblər.

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişafına verdiyi
böyük önəm vurğulanıb, son dövrlərdə həyata keçirilən yüksək
səviyyəli səfərlərin qarşılıqlı anlaşmanın gücləndirilməsinə mühüm
töhfə verdiyi qeyd olunub.

Heydər Əliyev Fondu tərəfindən dəstəklənən qoruma və bərpa
layihələrinin mümkün etdiyi humanitar əməkdaşlıq xüsusi
vurğulanıb.

Azərbaycanın multikulturalizm ənənələri və dini irsin, o
cümlədən ərazilərimizdəki xristian abidələrinin qorunması sahəsində
uzunmüddətli səyləri diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan–Ermənistan
normallaşma prosesi, tarixi Vaşinqton Sammiti razılaşmaları və
onların icrası, həmçinin post-münaqişə dövründə bölgədəki vəziyyət
və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə
məlumat verib.