Bakı. Trend:
Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”da
istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. 2025-ci il ərzində həm
veb, həm də mobil tətbiq üzərindən platformaya qoşulan
vətəndaşların sayında əhəmiyyətli artım müşahidə olunub.
Trend xəbər
verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
məlumat yayıb.
Bildirilib ki, cari ildə platformadan 1 milyondan çox vətəndaş
qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki
dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən,
davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən
yararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərdir.
Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət
mövcuddur.
Cari il ərzində ən çox istifadə olunan sənədlər arasında
şəxsiyyət vəsiqəsi məlumatları, iş yeri məlumatları, ailə tərkibi,
sürücülük vəsiqəsi məlumatları və nikah haqqında məlumatlar yer
alıb. Bu istiqamətdə istifadənin əsasını QR paylaşımı və sənəd
yükləmə funksiyaları təşkil edib. Hazırda platformada 69 rəqəmsal
sənəd və məlumat təqdim olunur. 2025-ci ildə vətəndaşlar tərəfindən
bu rəqəmsal məlumatlardan istifadə sayı keçən ilin eyni dövrü ilə
müqayisədə 2 dəfə artaraq təxminən 2,2 milyon təşkil edib.
Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasında
məhkumluq haqqında arayış, mobil cihazların qeydiyyatı, ailə
üzvləri haqqında arayış, subaylıq haqqında arayış və nəqliyyat
vasitəsindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkil
edir. Platformada 37 dövlət xidməti yenidən tərtib edilərək
rəqəmsallaşdırılıb. Cari ildə bu xidmətlərə müraciətlərin sayı ötən
ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindən
çox olub.
“mygov” platformasında istifadəçi sayının artmasına bir neçə
əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda “mygov
ID” funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod
vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli
giriş imkanı yaradır. Bundan əlavə, “İcazələrin idarə edilməsi”
funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı
verərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahat
edib. Eyni zamanda yeni istifadəyə verilmiş dövlət qurumlarına
məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal
xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb.
Hal-hazırda “mygov” tətbiqi vasitəsilə vətəndaşlar məhkumluq
haqqında arayış, ailə tərkibi və ailə vəziyyəti, təhsil və hərbi
xidmət məlumatları, etibarnamələrin verilməsi, kommunal xidmətlər
üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc və səhiyyə
məlumatları, iş yerindən arayış, əmək müqavilələrinin imzalanması,
işğaldan azad edilmiş ərazilərə səfər üçün icazələr, bank kartları
ilə ödəniş imkanları və digər rəqəmsal xidmətlərdən faydalana
bilirlər. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilən həyat hadisələri üzrə xidmətlər –
nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə olunması
platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan
olub.
Platformanın imkanlarının genişləndirilməsi və istifadə
rahatlığının artırılması fonunda bu artım dinamikasının növbəti
dövrlərdə də davam edəcəyi gözlənilir.

