İranda su çatışmazlığı ciddi hal ala bilər – Yağıntılar və su ehtiyatı azalıb

Baş səhifə

Bakı. Trend:

İranda son 58 ildə ən az yağıntı bu il qeydə alınıb, su
anbarlarının ehtiyatı üçdə birə azalıb.

Trend-in
məlumatına görə, bunu İranın Su Ehtiyatlarının İdarəolunması
Şirkətinin rəsmisi Firuz Qasimzadə yerli mediaya açıqlamasında
deyib.

Onun sözlərinə görə, 23 sentyabrdan bəri ölkədə yağıntıların
həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 78%, uzunmüddətli
proqram çərçivəsində isə 81% azalıb.

Qasimzadə əlavə edib ki, eyni zamanda 23 sentyabrdan bəri
ölkənin su anbarlarına daxil olan suyun həcmi ötən ilin analoji
dövrü ilə müqayisədə 38% azalıb.




Şirkət rəsmisi deyib ki, ölkənin su anbarlarında su ehtiyatının
həcmi 32% təşkil edir. Bu isə ötən ilin analoji dövrü ilə
müqayisədə 26% azdır.

Qasimzadə qeyd edib ki, Tehran, İsfahan, Rəzəvi Xorasan, Qum,
Hörmüzqan, Zəncan, Kirman və mərkəzi vilayətlərdə su anbarlarında
vəziyyət daha pisdir.

Onun sözlərinə görə, hazırda əsasən də paytaxt Tehranda su
təminatı daha çox istehlakçılardan asılıdır.

Qeyd edək ki, İranın quraqlıq zolağında yerləşdiyini nəzərə alan
ölkə rəsmiləri müxtəlif sahələrdə su istehlakının azaldılması və
nəzarət olunmasının vacibliyini vurğulayırlar.