İran və ABŞ arasında vasitəçi və vasitəçilik ikinci dərəcəli məsələdir – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran və ABŞ arasında ümumilikdə vasitəçi və vasitəçilik ikinci
dərəcəli məsələ hesab olunur.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün (23 noyabr) Tehranda keçirilən mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi diplomatik ənənəyə uyğun olaraq
müzakirə etməli olduğu halda, diktə etmək yolunu seçib. ABŞ bu
mövqeyində israrlı olduğu vaxta qədər mənalı və məntiqli müzakirə
formalaşmayacaq.

Bəqai əlavə edib ki, İran regionda sülh və sabitliyin inkişaf
etdirilməsi istiqamətində çalışan bütün ölkələri alqışlayır. İran
və Səudiyyə Ərəbistanı arasında müsbət əlaqələr mövcuddur. Lakin
hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir.

12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ
arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5
raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər
naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə
heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə
heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv
Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü
raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya
paytaxtı Romada baş tutub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava
zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli
hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli
rəsmilər ölüb.




Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv
edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki
hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ
prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə
razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq
hücumların dayandırıldığını qeyd edib.