Daily Mail media qrupu “The Daily Telegraph”ı 650 milyon dollara alır

Baş səhifə

Bakı. Trend:

“The Daily Mail” qəzetinin daxil olduğu “Daily Mail and General
Trust” (DMGT) media qrupu “The Daily Telegraph” nəşriyyatının satın
alınması ilə bağlı razılıq əldə edib.

Trend xəbər verir
ki, bu barədə məlumatı “Financial Times” etibarlı mənbələrinə
istinadən yayıb.

Məlumata görə, DMGT nəşriyyatı 650 milyon dollar müqabilində
alacaq. “The Daily Telegraph” və “The Sunday Telegraph”
qəzetlərinin sahibi olan “Telegraph Media Group”un satılması,
DMGT-nin əsas səhmdarı, “The Daily Mail”in qurucusunun nəticəsi
Conatan Harmsvortun uzunmüddətli arzusu olub.




Sövdələşmə Britaniyanın sağ-mərkəzçi media məkanında iki böyük
nəşriyyatın birləşməsi deməkdir ki, bu da hazırkı Leyboristlər
Partiyası hökumətində narahatlıq doğurur. Bununla belə, məlumatlara
əsasən, hər iki qəzet öz redaksiya komandasını qoruyub
saxlayacaq.

“The Daily Telegraph” 1855-ci ildə polkovnik Artur Sley
tərəfindən təsis edilib. 2019-cu ildə qəzetin gündəlik tirajı
təxminən 300 min nüsxə təşkil edirdisə, “Press Gazette”nin
hesablamalarına görə, hazırda bu göstərici 150 min nüsxə
civarındadır. Nəşr Barkli ailəsinin borcları səbəbindən 2023-cü
ildə satışa çıxarılmışdı.