Azərbaycan Prezident İlham Əliyevin liderlik modeli ilə hər bir çətinliyi aşmağı bacardı – ŞƏRH

Baş səhifə

Bakı. Trend:

Müasir beynəlxalq münasibətlər sistemində ağır geosiyasi
sınaqların mərkəzində dayanan Ukraynada baş verənlər bu gün
bütövlükdə dünya nizamı üçün təhlükəsizlik arxitekturasının nə
qədər kövrək olduğunu göstərir.

Bunu Trend
açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli
deyib.

Millət vəkili bildirib ki, bu faciənin kökündə isə təkcə
regional güclərin maraqlarının toqquşması yox, həm də dövlət
idarəçiliyi və siyasi liderlik səviyyəsində buraxılmış strateji
boşluqlar dayanır:

“Ukraynanın yaşadığı böhran beynəlxalq hüququn selektiv tətbiqi,
qlobal güc mərkəzlərinin ikili standartları və ən əsası, dövlətin
milli maraqlarını qətiyyətlə müdafiə edə bilən liderliyin
olmamasının acı nəticələrini ortaya qoyur. Bu reallıqdan çıxış
edərək hər bir ölkə üçün liderlik, təhlükəsizlik və strateji
düşüncə amillərinin həyati önəm daşıdığı daha aydın görünür.
Azərbaycanın son illərdə keçdiyi yol, məhz bu kontekstdə xüsusi
diqqət kəsb edir”.

Deputat vurğulyıb ki, Azərbaycanın 30 ilə yaxın müddətdə
işğal altında qalmış torpaqları ilə bağlı mövqeyi beynəlxalq hüquqa
tam uyğun idi:

“Rəsmi Bakı daim qəbul edilmiş BMT qətnamələrinin icrasını tələb
edir, haqlı mövqeyini beynəlxalq tribunalarda səsləndirirdi. Lakin
özlərini demokratiya, insan hüquqları və beynəlxalq təhlükəsizlik
sisteminin qarantı adlandıran qüvvələr sanki bu səsi eşitmək
istəmirdilər. Status-kvonun qorunması üçün müxtəlif siyasi,
diplomatik və informasiya mexanizmləri işə salınır, Ermənistanın
işğalçı siyasəti faktiki olaraq legitimləşdirilməyə cəhd edilirdi.
Bu, təkcə ədalətsizlik deyil, həm də beynəlxalq sistemin selektiv
yanaşmasının növbəti sübutu idi. Belə bir şəraitdə Azərbaycanın
qarşısında yalnız bir yol qalırdı: prinsipial, ardıcıl, məqsədyönlü
və qətiyyətli siyasət xətti yorulmadan davam etdirmək”.

Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyev
2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin strateji siyasi
xəttini davam etdirərək mürəkkəb və ədalətsiz geosiyasi mühitdə
Azərbaycanı gücləndirmək, dövlətin siyasi, hərbi və iqtisadi
potensialını yüksəltmək üçün sistemli, dərin strateji baxışa
əsaslanan siyasət yürütməyə başladı. Bu siyasətin əsas
xüsusiyyətləri bir neçə mühüm amil təşkil edirdi:

  • Birinci amil atılan bütün addımların məqsədyönlü xarakter
    daşıması idi. Azərbaycanın milli güc potensialı ardıcıl olaraq
    artırılır, ordu quruculuğu, diplomatik fəaliyyət, iqtisadi
    modernizasiya paralel aparılırdı.
  • Digər önəmli faktor prinsipiallıqdır. Prezident İlham Əliyev
    işğalla barışmayan ölkə rəhbəri kimi daim bəyan edirdi ki,
    Azərbaycan heç vaxt torpaqlarının Ermənistan tərəfindən təklif
    edilən “daimi status-kvo”ya qurban verilməsinə imkan
    verməyəcək.
  • Başqa bir önəmli faktor praqmatiklikdir. Prezident İlham Əliyev
    beynəlxalq münasibətlərdə balanslaşdırılmış, lakin suverenliyə
    xələl gətirməyən siyasət yürüdür, böyük güclər arasında tarazlıq
    yaradır, amma ölkənin milli maraqların qorunması prinsipi dəyişməz
    qalırdı.
  • Mühüm əhəmiyyət kəsb edən amillərdən biri də şübhəsiz ki,
    qətiyyətdir. Azərbaycan liderinin qətiyyətli mövqeyi nəticəsində
    ölkəmizin haqlı tələblərini inkar etmək günbəgün mümkünsüzləşir,
    Ermənistanın havadarlarının status-kvonu rəsmiləşdirmək cəhdləri
    tükənir və nəticədə bütün bu yanaşmalar iflasa uğrayırdı. Bu
    liderlik modeli klassik siyasi nəzəriyyələrdə təsvir olunan
    “strateji dövlət rəhbəri” tipinə tam uyğundur – öz xalqının
    maraqlarını hər şeydən üstün tutan, emosiyadan deyil, hesablanmış
    qərarlardan çıxış edən, lakin lazım olan anda maksimal iradə ortaya
    qoyan lider.

E.Mirzəbəyli əlavə edib ki, 2020-ci il Vətən müharibəsi və
ondan sonrakı antiterror tədbirləri Azərbaycanın milli gücünün
zirvəsi oldu. Azərbaycan heç kimdən yardım almadan, xarici hərbi
qüvvələrə söykənmədən, yalnız öz iqtisadi, hərbi, diplomatik və
siyasi gücünə arxalanaraq ərazi bütövlüyü və suverenliyini bərpa
etdi.

“Bu, postsovet məkanında analoqu olmayan fenomendir. Azərbaycan
nəinki işğala son qoydu, həm də regionda yeni geosiyasi reallıq
yaratdı. Əslində bu nəticə təkcə hərbi qələbə deyil, liderliyin
gücü, strateji düşüncə, xalqa arxalanan dövlət iradəsinin
qələbəsidir.

Bu gün Ukraynanın yaşadığı faciənin əsas səbəblərindən biri də
məhz güclü strateji liderliyin olmamasıdır. Nəticədə Ukraynanın
təhlükəsizlik konsepsiyası parçalanıb, siyasi hakimiyyət daxilində
vahid strateji xətt sıradan çıxıb və yaxud ümumiyyətlə olmayıb,
xarici qüvvələrin təsiri isə daxili siyasəti müəyyənləşdirən
başlıca amilə çevrilib. Belə olan halda ölkə nə diplomatik
müstəvidə vahid mövqeyini qoruya bilib, nə də milli güc amillərini
zamanında ortaya qoymağı bacarıb. Bunun nəticəsi isə ağır geosiyasi
fəlakət olub.

Azərbaycan nümunəsi göstərir ki, güclü liderlik millətin və
dövlətin təhlükəsizliyinin əsas təminatçısıdır. Gerçək liderin
strateji baxışı dövlətin gələcəyini müəyyən edir. Prinsipiallıq və
qətiyyət beynəlxalq aləmdə hörmət və nəticə qazandırır, ədalət isə
yalnız güclə təmin olunur.

Azərbaycanın son illərdə qazandığı tarixi uğurlar, dövlətin
regional və qlobal miqyasda artan rolu, ən əsası isə 30 ildən sonra
ədalətin bərpa olunması bir həqiqəti sübut edir: Güclü, xarizmatik,
geniş dünyagörüşünə malik, strateji baxışlı və vətənpərvər lider
dövlətin ən böyük sərvətidir. Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan məhz belə bir liderlik modeli ilə hər bir
çətinliyi yenməyi bacardı, tarixə öz gücü, öz iradəsi ilə yazılan
zəfərin müəllifi oldu. Bu gün bir çox dövlətlər, o cümlədən
Ukraynanın yaşadığı faciələr onu göstərir ki, liderlik boşluğu
bəzən ordudan, iqtisadiyyatdan, hətta beynəlxalq dəstəkdən də
qat-qat təhlükəlidir. Azərbaycan isə yüksək liderlik keyfiyyətləri,
xalq-dövlət birliyi və strateji iradə sayəsində öz taleyini özü
yazan dövlətə çevrilib”, – deyə o fikirlərini yekunlaşdırıb.