Qlobal iqlim gündəminin əsas platforması olan, bu dəfə Braziliyada təşkil edilən COP30 sona yaxınlaşır. Tam əminliklə söyləmək olar ki, Bakının ev sahibliyi etdiyi COP29 və Braziliyanın Beləm şəhərində təşkil olunan COP30 iqlim diplomatiyasının iki tam fərqli modelini ortaya çıxardı. Bu, təkcə iki şəhərin deyil, həm də iki siyasət məntiqinin, iki idarəçilik fəlsəfəsinin, iki beynəlxalq yanaşmanın müqayisəsidir.
Bir tərəfdə strateji planlaşdırma, siyasi sabitlik, yüksək təşkilati koordinasiya və real nəticələrə söykənən Bakı modeli; digər tərəfdə isə başlanğıcdan etibarən siyasi xaos, institusional boşluqlar, zəif infrastruktur və məhdud diplomatik iştirakla yadda qalan Beləm təcrübəsi. Məhz bu ziddiyyətli mənzərə göstərdi ki, COP29 qlobal iqlim prosesində yeni standart müəyyən etdiyi halda, COP30 beynəlxalq tədbirin necə uğursuzluğa düçar ola biləcəyinin nümunəsi oldu.
COP30-un böhranlı startı: siyasi xaos və diplomatik boşluq konfransı iflic etdi

Beləmin uğursuzluğunun əlamətləri konfrans başlamazdan əvvəl özünü göstərməyə başlamışdı. Əsas müzakirə sənədlərinin hazırlanmasında yetərsiz irəliləyiş, danışıqlar gündəminin qeyri-müəyyənliyi və ölkələrə aydın texniki-siyasi istiqamətlərin təqdim edilməməsi COP30-un əvvəlcədən zəif formatda qurulduğunu göstərirdi. Dünya liderlərinin Beləmə qatılmaması isə bu boşluğu daha da dərinləşdirdi – aparıcı dövlətlər bir-bir tədbirdən kənara çəkildikcə, COP30-un qlobal qərarvermə meydanı kimi rolu demək olar ki, sıradan çıxdı.
Beləmin təşkilati zəifliyini daha da artıran digər faktorlar isə ölkə daxilindəki siyasi və iqtisadi qeyri-sabitliklə bağlı idi. Prezident Lula Administrasiyasının korrupsiya ilə mübarizədə effektiv olmaması, təhlükəsizlik qurumlarında yaranmış boşluqlar, kriminal qruplaşmaların təsirinin artması, eləcə də MERCOSUR daxilində Braziliyanın proteksionist siyasətinin yaratdığı regiondaxili gərginlik COP30-un ümumi mühitini daha da qeyri-sabit etdi. Nəticədə konfrans həm diplomatik legitimlik, həm təhlükəsizlik, həm də praktiki təşkilatçılıq baxımından gözləntilərin xeyli altında qaldı.
COP29 və COP30-un iştirakçı sayı və təmsil səviyyəsi

COP29 və COP30 arasında ən kəskin fərqlərdən biri iştirakçı sayı və ölkələrin təmsil olunma səviyyəsində özünü göstərdi. Bakıda təşkil olunan COP29 son illərin ən genişmiqyaslı və ən çox iştirakçı cəlb edən iqlim tədbirlərindən biri kimi yadda qaldı. Rəsmi rəqəmlərə əsasən, konfransda 72 min nəfər iştirak edib ki, bu da həm Azərbaycanın təşkilati potensialının, həm də ölkənin beynəlxalq arenadakı artan diplomatik nüfuzunun bariz göstəricisidir. Üstəlik, 190-dan çox ölkə tədbirdə yüksək səviyyədə – dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq qurum rəhbərləri və aparıcı qlobal institutların nümayəndələri ilə iştirak edib.
Məhz bu geniş təmsilçilik fonunda COP29-un ən mühüm nəticələrindən biri kimi COP29 Sədrliyi tərəfindən qəbul olunan Bakı Maliyyə Hədəfi sənədi xüsusi qeyd olunmalıdır. Həmin sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlim mübarizəsi və uyğunlaşma üçün hər il ən azı 1,3 trilyon dollar maliyyə axınının təmin edilməsini nəzərdə tutur. Bu hədəfin əsasını isə donorların ilk mərhələdə icbari şəkildə öhdəlik götürdüyü 300 milyard dollarlıq ictimai maliyyə təşkil edir. Bu qərar Bakıda formalaşan qlobal konsensusun və COP29-un real nəticəyönümlü xarakterinin növbəti sübutu oldu.
Məhz bu səbəbdən COP29 real qərarların qəbul edildiyi, qlobal konsensusun formalaşdığı və beynəlxalq gündəmin yönləndirildiyi əsas platformaya çevrildi.
Beləmin ev sahibliyi etdiyi COP30 isə tam fərqli mənzərə ortaya qoydu. Tədbirin ümumi iştirakçı sayı cəmi 56 min nəfərlə məhdudlaşdı ki, bu da COP29-la müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı göstəricidir. İştirakçı sayının azalması ilə yanaşı, bir çox ölkə Beləmə yüksək səviyyəli nümayəndə heyəti göndərmədi, yalnız texniki qruplar və müşahidəçilərlə təmsil olundu. Dünya liderlərinin tədbirdə demək olar ki, iştirak etməməsi COP30-un siyasi çəkisini zəiflətməklə yanaşı, konfransın qlobal qərarvermə proseslərində rolunu faktiki olaraq minimuma endirdi.
Nəticə etibarilə, iştirakçı sayı və təmsilçilik baxımından COP29 geniş diplomatik dialoqun, yüksək səviyyəli beynəlxalq iştirakın və real əməkdaşlığın təmin olunduğu platforma kimi önə çıxdı. COP30 isə əksinə, məhdud iştirak, zəif representasiya və azalan siyasi legitimliklə yadda qaldı.
Təhlükəsizlik böhranı və təşkilati çatışmazlıqlar: yanğın hadisəsi

COP30 zamanı baş verən ən ciddi hadisələrdən biri konfrans mərkəzinin yaxınlığında baş verən yanğın oldu. Yanğının söndürülməsində gecikmə, təhlükəsizlik protokollarının düzgün işləməməsi və hadisə zamanı yaranan təşviş Beləmin böyük miqyaslı beynəlxalq tədbirləri idarə etmək imkanlarına dair ciddi suallar yaratdı. Bu hadisə COP30-un artıq mövcud olan təşkilati çatışmazlıqlarını daha da qabarıq göstərdi.
Konfrans zamanı infrastrukturun zəifliyi, logistikanın effektiv təşkil olunmaması, nəqliyyat yönləndirməsindəki problemlər və texniki çatışmazlıqlar COP30-un nəticə əldə etmək imkanlarını xeyli məhdudlaşdırdı. Bu şəraitdə iqlim maliyyəsi, “loss and damage”, karbon bazarları və adaptasiya planları kimi əsas məsələlərdə hər hansı real irəliləyiş əldə olunmadı.
COP29-un uğur modeli: Bakı qlobal diplomatiyaya yeni standart təqdim etdi

COP29-un uğurunun ən mühüm səbəbi Bakının nümayiş etdirdiyi yüksək təşkilati peşəkarlıq və diplomatik koordinasiya idi. Konfransın geniş təmsilçiliyi, yüksək səviyyəli iştirakçılar və tərəfdaşların fəal iştirakı COP29-u qlobal iqlim prosesinin mərkəzinə çevirdi.
COP29 iqlim maliyyəsi sahəsində tarixi irəliləyişlərlə yadda qaldı. İnkişaf etməkdə olan ölkələr üçün maliyyə mexanizmlərinin gücləndirilməsi, “loss and damage” üzrə konsensusun əldə edilməsi və NDC-lərin daha ambisiyalı şəkildə yenilənməsi COP29-u qlobal iqlim siyasətinin əsas dönüş nöqtələrindən birinə çevirdi. Adaptasiya planlarının dəstəklənməsi, yerli icmaların maraqlarının nəzərə alınması və ekosistem yanaşmalarının gücləndirilməsi Bakının ev sahibliyi etdiyi konfransın qlobal təsirini daha da artırdı.
Bakının təşkilati peşəkarlığı: yüksək standartlı idarəetmə modeli

Bakının ev sahibliyi etdiyi COP29 qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirilir. Konfransın əldə etdiyi nəticələr təkcə siyasi düzəni gücləndirmədi, həm də beynəlxalq iqlim proseslərinin idarə olunmasına dair yeni, daha effektiv standart formalaşdırdı. COP29-un uğurunu beş əsas istiqamət üzrə ümumiləşdirmək mümkündür və bu istiqamətlərin hər biri Bakının qlobal arenada artan rolunun təsdiqidir.
Birinci: Geniş diplomatik iştirak. COP29 190-dan çox ölkəni, yüksək səviyyəli nümayəndələri bir araya gətirərək son illərin ən böyük iqlim toplantısına çevrildi. Bir çox dövlətin tədbirə prezident və baş nazir səviyyəsində qatılması konfransın siyasi çəkisini və qəbul edilən qərarların legitimliyini artırdı. Bakı bir daha sübut etdi ki, qlobal dialoqun möhkəm və təhlükəsiz ünvanlarından biridir.
İkinci: İqlim maliyyəsi sahəsində tarixi irəliləyişlər. COP29 “loss and damage” mexanizmi üzrə geniş konsensus yaratdı və inkişaf etməkdə olan ölkələr üçün daha ədalətli, şəffaf və əlçatan maliyyə sisteminin formalaşmasına təkan verdi. Bu addım xüsusilə iqlim dəyişikliklərindən ən çox təsirlənən dövlətlər üçün həyati əhəmiyyət daşıyır.
Üçüncü: Emissiyaların azaldılması və NDC öhdəliklərinin gücləndirilməsi. Bir çox ölkə öz milli hədəflərini daha ambisiyalı şəkildə artırmağa razılaşdı və karbon neytrallığına keçid prosesini sürətləndirdi. Bu qərarlar qlobal iqlim siyasətində yeni mərhələnin başlanğıcını qoydu.
Dördüncü: Adaptasiya və davamlılıq siyasətlərində irəliləyiş. Milli adaptasiya planlarının maliyyələşməsi, həssas icmaların qorunması və yerli səviyyəli adaptasiya mexanizmlərinin gücləndirilməsi COP29-un praktiki nəticələrini daha da artırdı.
Beşinci: Ekosistem və inklüziv idarəetmə modeli. Təbiətə əsaslanan həllər, biomüxtəliflik, ekosistem bərpası və karbon bazarlarının şəffaflaşdırılması üzrə sənədlər qəbul edildi. Gənclərin, QHT-lərin və özəl sektorun geniş iştirakı isə COP29-u demokratik, açıq və çoxsəsli müzakirə platformasına çevirdi.
COP29 qlobal iqlim siyasətində peşəkarlıq, inklüzivlik və nəticəyönümlülük baxımından yeni, dayanıqlı standart təqdim etdi.
COP29 qlobal model, COP30 risk nümunəsi

COP29 və COP30-un müqayisəsi aydın şəkildə göstərir ki, Bakı qlobal iqlim diplomatiyasında yüksək səviyyəli təşkilatçılığın, siyasi sabitliyin və nəticəyönümlü idarəetmənin nümunəsini təqdim etdi. COP29-un nəticələri qlobal iqlim prosesinin gələcək mərhələləri üçün yol xəritəsi rolunu oynaya biləcək səviyyədədir. COP30 isə hazırlıqsızlıq, zəif diplomatik iştirak və təşkilati problemlər səbəbindən iqlim diplomatiyasının ən uğursuz epizodlarından biri kimi yadda qaldı.
Bakı ilə Beləmin müqayisəsi bir daha göstərdi ki, böyük qlobal tədbirlər yalnız güclü infrastruktur, sabit siyasi mühit, yüksək təhlükəsizlik standartları və peşəkar idarəetmə ilə real nəticə verə bilər. COP29 bu modelin ən uğurlu nümunəsi oldu, COP30 isə əksinə – beynəlxalq tədbirin necə risk altında qala biləcəyinin xəbərdarlığına çevrildi.
Amerikalı siyasi şərhçi Peter Teyz APA-ya açıqlamasında bildirib ki, Bakıda keçirilən COP29 beynəlxalq iqlim diplomatiyasında son illərin ən uğurlu, həm də ən praqmatik nəticələr verən qlobal tədbirlərindən biri kimi tarixə düşüb. Onun sözlərinə görə, konfrans ərəfəsində bəzi dairələrin yaydığı qarayaxma kampaniyaları, əsassız ittihamlar tamamilə iflasa uğradı. COP29 həm qəbul edilən qərarların miqyası, həm də iştirakçılığın müxtəlifliyi baxımından gözləntiləri üstələdi və Azərbaycanın peşəkar təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi.

Ekspert qeyd edib ki, Bakı iqlim maliyyəsi, zərər və ziyan mexanizmləri, NDC-lər, uyğunlaşma strategiyaları, təbiətə əsaslanan həllər, karbon bazarları və yerli səviyyədə adaptasiya kimi kritik istiqamətlərdə real irəliləyiş əldə etdi. Şəhərin logistika üstünlükləri, müasir konqres infrastrukturu, təhlükəsizlik və koordinasiya modelləri minlərlə nümayəndənin iştirakı üçün ideal mühit yaratdı. “COP29 göstərdi ki, Azərbaycan həm siyasi iradə, həm təşkilati mədəniyyət, həm də qlobal konsensus yaratmaq bacarığı baxımından nümunəvi ev sahibidir,” – Teyz vurğulayıb.
Onun sözlərinə görə, COP29-un uğuru bu gün Braziliyanın Beləm şəhərində keçirilən COP30-un zəifliklərini daha da qabarıq göstərir. Peter Teyz bildirib ki, Braziliyada hazırkı siyasi və iqtisadi mühit konfransın effektivliyinə ciddi maneələr yaradır. O qeyd edib ki, ölkənin proteksionist ticarət siyasəti, MERCOSUR daxilində yaranmış gərginliklər, korrupsiya ilə mübarizədə qeyri-sabitlik və hüquq-mühafizə sahəsində zəif hazırlığı ölkənin beynəlxalq etimadını zədələyib. Bu şəraitdə COP30-un güclü razılaşmalar təqdim etmək şansı son dərəcə aşağı görünür.
Ekspert əlavə edib ki, konfransın planlaşdırılması mərhələsindən etibarən Braziliyada davam edən siyasi çaxnaşmalar, hökumətin informasiya müharibəsinə meylli davranışı və bir sıra təhlükəsizlik problemləri tədbirin təşkilati hazırlığının zəifliyini ortaya çıxarır. Üstəlik, Beləmdə gündəliyin boş olması, dünya liderlərinin konfransa maraq göstərməməsi və əvvəlcədən aparılan məzmunlu müzakirələrin yoxluğu COP30-un nəticələrini daha da sual altına alır.
Peter Teyzin fikrincə, bütün bu mənzərə fonunda Bakıda təşkil edilən COP29-un uğuru daha da parlaq görünür: “COP29 yalnız keçmiş bir tədbir deyil, qlobal iqlim diplomatiyası üçün yeni standartdır”.


