
ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova Cənubi Türk Amerika Ticarət Palatasının (TACCS) vitse-prezidenti seçilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, o, ötən il TACCS-a üzv seçilib və bir illik fəaliyyəti nəticəsində təşkilat rəhbərliyi daxili seçkilərlə həmyerlimizi vitse-prezident vəzifəsinə təyin edib.
E.Bayramova “Report”a açıqlamasında bildirib ki, o, Azərbaycan və türk icmalarının ABŞ-dəkı biznes və icma fəaliyyətlərini birləşdirən yeni təşəbbüslərin müəllifi kimi iki qardaş ölkə arasında daha güclü əməkdaşlıq qurmağı hədəfləyir.
Onun sözlərinə görə, məqsəd TACCS çətiri altında Azərbaycan və türk sahibkarlarını bir araya gətirmək, biznes və texnologiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq, mədəni və ictimai tədbirlərin təşkilinə dəstək vermək və Florida başda olmaqla, ABŞ-də iki icma arasında davamlı körpülər qurmaqdır.
Qeyd edək ki, TACCS biznesmenlərin, sahibkarların fikir, strategiya və təcrübələrini bölüşmək üçün bir araya gəldiyi platformadır. TACCS-nin məqsədi ABŞ-də və xaricdəki üzvlər arasında tərəfdaşlıqların gücləndirilməsinə, məlumat mübadiləsinin inkişafına, biznes imkanlarının təşviqinə uyğun mühit yaratmaqdır. Təşkilatın əsas hədəfi üzvlərin bütün potensialını açmaq, onların qlobal bazarda inkişafına lazım olan alətlər, resurslar və şəbəkələrlə təmin etməkdir.
Esmira Bayramova Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbinin məzunudur və hazırda Kembric Universitetində təhsilini davam etdirir. O, ABŞ-də fəaliyyət göstərən Kosmik və Süni İntellekt Texnologiyaları şirkətində Baş Mühəndislik meneceri vəzifəsində çalışır. 2015-ci ildən Florida Azərbaycan İcmasının rəhbəri və təsisçisidir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


