Transsərhəd xəstəliklərə qarşı baytarlıq tədbirləri icra olunub

Baş səhifə

Bakı.Trend:

Dezinfeksiya tədbirləri heyvan sağlamlığının qorunması və
xəstəliklərin yayılmasının qarşısının alınması baxımından böyük
əhəmiyyət kəsb edir.

Trend xəbər
verir ki, bu sözləri Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar
Hacıyev “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində
yeni yanaşmalar” konfransında bildirib.

Agentlik sədri qeyd edib ki, ölkə üzrə dezinfeksiya işlərinin
həyata keçirilməsi mütəmadi olaraq davam etdirilir:




“İl ərzində ölkə ərazisində biotəhlükəsizliyin təmin olunması
məqsədilə transsərhəd xəstəliklərə qarşı baytarlıq tədbirləri icra
olunub. Zoonoz və heyvanlar üçün təhlükəli olan digər infeksion
xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər görülüb. Dövlət sərhəd
buraxılış məntəqələrində yük avtomobilləri və qatarların
dezinfeksiyası aparılıb. Bununla yanaşı, respublika üzrə fəaliyyət
göstərən 24 diri heyvan satış bazarlarında mütəmadi dezinfeksiya
işləri və digər icrası məcburi baytarlıq tədbirləri həyata
keçirilib. Bu tədbirlər sayəsində epizootik sabitliyin qorunması
gücləndirilir”.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və “Bayramı Group”
MMC-nin birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinin
diaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusunda
konfrans keçirilir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar
Xidmətlər Agentliyinin rəhbərliyi, elmi-tədqiqat institutunun
alimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak
edirlər.