Fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin
Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma
vaxtlarını açıqlayıb.

Trend xəbər
verir ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın
20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə
ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub
yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal
yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə
olacaq.

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı
ilə saat 12:24:26-da daxil olacaq. Bu zaman Şimal yarımkürəsində
astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır.
Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında
ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək
nöqtəsinə çatır. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən
maksimum hündürlükdə (73.1°) olur. Həmin gün ilin ən uzun gündüzü
və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15
saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36
saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42
saniyə təşkil edəcək.




Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 23-ü
Bakı vaxtı ilə saat 04:05:08-ə təsadüf edəcək. Bu zaman gecə ilə
gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş
ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən
Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız,
Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89
gün 21 saat 45 dəqiqə 01 saniyə olacaq.

2026-cı ildə qış fəsli Azərbaycana Bakı vaxtı ilə dekabrın 22-si
saat 00:50:09-da daxil olacaq. Bununla da Şimal yarımkürəsində qış,
Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin
fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və
ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2)
olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi müşahidə
olunacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin
uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq. Fəslin uzunluğu 88
gün 23 saat 34 dəqiqə 27 saniyə təşkil edəcək.