Bakı. Trend:
BMT Baş Assambleyası 2026-cı ildə Milanda və Kortina d’Ampezzoda
keçiriləcək Qış Olimpiya Oyunları zamanı Olimpiya barışığının
qorunmasına dair qətnamə qəbul edib.
Trend xəbər verir
ki, “İdman və Olimpiya idealı vasitəsilə sülh və daha xoşbəxt dünya
qurmaq” adlı qətnamə layihəsi konsensusla qəbul olunub.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Kirsti Koventri
səsvermədən əvvəl bildirib: “İdmanla siyasəti bir-birindən ayırmaq
üçün birlikdə çalışmalıyıq. Bu o deməkdir ki, idmançılar vizalarına
siyasi səbəblərdən imtina edildiyi üçün geridə qalmaq təhlükəsi ilə
üzləşməkdənsə, ev sahibliyi edən ölkələrə səyahət edə və yarışa
bilməlidirlər”.
Qətnamə doqquz bənddən ibarət olub. Onlardan birincisi
Olimpiadanın başlamasına yeddi gün qalmış başlayıb Paralimpiya
Oyunlarının bağlanmasından yeddi gün sonra başa çatan müddət
ərzində barışığa riayət edilməsini, həmçinin idmançıların, rəsmi
şəxslərin və digər akkreditə olunmuş şəxslərin təhlükəsiz
keçidinin, girişinin və iştirakının təmin edilməsini tələb
edir.

