Türkiyə MMU-nun nümayəndə heyəti ölkəmizdə səfərdədir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini
professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin nümayəndə
heyəti ölkəmizdə səfərdədir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək
Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər
xiyabanı və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub,
xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Daha sonra MMU-nun Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə
general-mayor Arif Həsənov çıxış edərək qonaqları MMU-nun
rəhbərliyi adından salamlayıb.




Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və
müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirən
general-mayor A.Həsənov bu müttəfiqliyin hər iki ölkədə hərbi
təhsilin inkişafına verdiyi faydalardan danışıb. Azərbaycan
Ordusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbət
nəticələrini diqqətə çatdırıb.

Professor S.Salman isə öz növbəsində göstərilən səmimi
münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə
mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini qeyd
edib.

Tədbirdə MMU və tabeliyində fəaliyyət göstərən təhsil
müəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədris
prosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdim
olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.