
Bakı. Trend:
Büdcə sənədi ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinə və
qarşıda duran çağırışlara uyğun şəkildə hazırlanıb. Növbəti il üçün
təhsil xərcləri 5 milyard manat nəzərdə tutulub ki, bu da 2025-ci
illə müqayisədə 78 milyon manat, 2024-cü ilin icrası ilə müqayisədə
isə 625 milyon manat artıqdır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr
müavini Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, 2022-2026-cı illəri əhatə edən
sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq təhsilin bütün
pillələrində keyfiyyətin artırılması əsas prioritetlər
sırasındadır. 2026-cı ilin büdcəsində bütün bu istiqamətlər üzrə
vəsaitlərin artırılması nəzərdə tutulur.
Deputat onu da vurğulayıb ki, sertifikatlaşdırmadan uğurla keçən
müəllimlərin maaşlara əlavələr ödənilməsi məqsədilə 212 milyon
manat ayrılıb:
“Xaricdə təhsil” dövlət təqaüd proqramları və ikili diplom
layihələrinin də maliyyələşdirilməsi və müddəti artırılıb. Bu,
gənclərin keyfiyyətli təhsil imkanlarını genişləndirmək məqsədi
daşıyır”.
F.İsmayılzadə əlavə edib ki, 2026-cı il dövlət büdcəsi
layihəsində elm xərcləri üçün 228 milyon manat vəsait
proqnozlaşdırılır. Bu da 2022-ci il ilə müqaisədə 61 mln manat və
ya 36 faiz artım deməkdir.


