
Bakı. Trend:
Bakı Expo Mərkəzində “Holcim Azərbaycan” və İZİA-nın
tərəfdaşlığı ilə keçirilən “USTA MƏNƏM! 2025” (2-ci sezon)
müsabiqəsinin möhtəşəm final mərhələsi başa çatdı. Yarışın qalibi
Balakən rayonundan Etibar Qaradayev oldu. O, finalda göstərdiyi
dəqiqlik, ustalıq və peşəsinə məsuliyyətli yanaşması ilə digər
iştirakçılar arasında fərqlənərək 1-ci yerin sahibi oldu və ölkənin
ən yaxşı ustası adını qazandı.
May ayında start götürən müsabiqə ölkənin müxtəlif bölgələrindən
böyük maraqla qarşılandı. İlkin mərhələyə 700-dən çox usta qatıldı.
17 bölgədən seçilmiş 400-dən çox usta nəzəri və praktiki
tapşırıqlar əsasında öz bacarıqlarını nümayiş etdilər və yalnız ən
yüksək nəticə göstərən 27 usta finala yüksəldi.
Final mərhələsi yüksək dinamika və real iş şəraitinə uyğun
tapşırıqlar ilə yadda qaldı. Ustalar həm sürət, həm də keyfiyyət
üzrə sınaqdan keçərək öz peşəkarlıqlarını ortaya qoydular. Bu çətin
yarışın ən uğurlu iştirakçısı Etibar Qaradayev müsabiqənin baş
mükafatı “Pick-up” tipli avtomobili qazandı.
Müsabiqənin digər qalibləri Lənkərandan Cəfərov Mirələm – 2-ci
yer, Qubadan Hüseynov Fikrət isə 3-cü yer üzrə
mükafatlandırıldılar. Onların göstərdikləri iş formalaşmış
peşəkarlıq ənənəsinin gücünü bir daha nümayiş etdirdi. Qaliblər
müvafiq olaraq 5000 və 3000 manat dəyərində hədiyyə kartları ilə
təltif olundular.
“USTA MƏNƏM!” layihəsi ustalar üçün təkcə yaradıcılıq və rəqabət
deyil, həm də peşəkar inkişaf platforması rolunu oynayır. Final
mərhələsi zamanı iştirakçılar Holcim Azərbaycan şirkətinin
innovativ tikinti məhsulları ilə yaxından tanış olaraq onların
texniki imkanları və tətbiq xüsusiyyətləri barədə ətraflı məlumat
əldə etdilər.
Bu müsabiqə bir daha göstərdi ki, Azərbaycanın ustaları tikinti
sahəsinin ustalıq və sənətkarlıq mədəniyyətinin ən parlaq
daşıyıcılarıdır.


