Bakı. Trend:
SİMA platformasının istifadəçi sayı 5,5 milyonu keçib.
Trend xəbər
verir ki, bunu AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiri
Tamerlan Məşədihəsənli bu gün Bakıda keçirilən IX Beynəlxalq
Bankçılıq Forumunda deyib.
O bildirib ki, SİMA ekosisteminin ilk məhsulu olan SİMA Token
2021-ci ildə “E-İmza” adı ilə istifadəyə verilib.
“Platformanın ən geniş istifadə edilən xidmətlərindən biri olan
SİMA İmza 2022-ci ildən tətbiq olunmağa başlayıb. Biometriya
texnologiyalarına əsaslanan xidmət hazırda bazarda kütləvi istifadə
olunan rəqəmsal imza həlli kimi çıxış edir. SİMA İmza vasitəsilə
hər gün milyonlarla imzalama və autentifikasiya əməliyyatı həyata
keçirib”, – o vurğulayıb.
Tamerlan Məşədihəsənli bildirib ki, şirkət həmçinin 2023-cü ildə
istifadəyə verilən KYC (müştərinin identifikasiyası) məhsulunu da
təqdim edib: “KYC xidmətinə biometriya əsasında identifikasiya,
videozəng və video-yazı modulları daxildir. Bu həll Mərkəzi Bankın
tələblərinə uyğun olaraq formalaşdırılıb və maliyyə təşkilatlarının
müştəri tanıma proseslərini avtomatlaşdırmasına imkan verir”.

