SOCAR-da “Ümumdünya Keyfiyyət Həftəsi 2025” təşəbbüsü çərçivəsində tədbir keçirilib

Baş səhifə

Bakı. Trend:

SOCAR-da “Ümumdünya Keyfiyyət Həftəsi 2025” təşəbbüsü
çərçivəsində tədbir keçirilib.

Trend xəbər verir ki,
dünyanın 100-ə yaxın ölkəsində qeyd olunan bu qlobal təşəbbüs
keyfiyyət mədəniyyətinin inkişafına, innovativ idarəetmə
təcrübələrinin yayılmasına və təşkilatlarda mükəmməllik
düşüncəsinin gücləndirilməsinə xidmət edir.

Bu il “Fərqli düşün” devizi altında keçirilən tədbir SOCAR-da da
müasir yanaşmaların təşviqi, dayanıqlı keyfiyyət idarəetmə
sistemlərinin təkmilləşdirilməsi və əməkdaşlar arasında əlaqələrin
möhkəmləndirilməsi məqsədi daşıyır.

SOCAR-ın vitse-prezidenti Fuad Musayevin açılış nitqi ilə
başlayan tədbir çərçivəsində mövzuya dair təqdimatlar və panel
müzakirəsi keçirilib.




Tədbirdə SOCAR-ın son illərdə keyfiyyət sahəsində əldə etdiyi
nailiyyətlər, həyata keçirilən layihələr və qarşıdakı illər üçün
hədəflər barədə məlumatlar verilib. Şirkətdə aparılan rəqəmsal
transformasiya, proseslərin standartlaşdırılması və risk əsaslı
yanaşmanın gücləndirilməsi istiqamətində görülən işlər geniş
auditoriyaya çatdırılıb.

Panel müzakirələrində “Fərqli düşünməklə dayanıqlı keyfiyyət
mədəniyyəti qurmaq” mövzusu üzrə SOCAR-ın Baş ofisi, SOCAR Türkiyə,
Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Standartlaşdırma
İnstitutundan nümayəndələrinin çıxışları dinlənilib edib. Çıxış
edən mütəxəssislər keyfiyyət funksiyasının şirkət daxilində
strateji rolunu vurğulayaraq, dəyişən əməliyyat mühitinə uyğunlaşma
və proaktiv idarəetmənin əhəmiyyətini qeyd ediblər.

Tədbirin ikinci hissəsində isə SOCAR-ın sahə üzrə mütəxəssisləri
arasında “Enerji tariximiz” adlı müsabiqə təşkil edilib.

Tədbir əməkdaşlar arasında keyfiyyət mədəniyyətinin daha da
gücləndirilməsinə, mükəmməllik yönümlü fikir mübadiləsinə və
şirkətin strateji məqsədlərinə uyğun tətbiqlərin dəstəklənməsinə
töhfə verib.