Ölkədə yetişdirilən meyvə-təvəz daxili tələbatı tam ödəyir? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın kənd təsərrüfatı sektoru ölkənin ərzaq
təhlükəsizliyinin təmin olunmasında və iqtisadiyyatın
diversifikasiyasında mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan
istehsal etdiyi meyvə-tərəvəzlə regionda aparıcı ixracatçılardan
biri kimi mövqeyini möhkəmləndirir. Rusiya, Yaxın Şərq və digər
hədəf bazarlara ixrac edilən məhsullar ölkənin qeyri-neft
sektorunun inkişafına və valyuta gəlirlərinin artmasına mühüm töhfə
verir. Bu proses həm fermerlərin gəlirlərinin yüksəlməsinə, həm də
kənd təsərrüfatında dayanıqlı istehsal modelinin formalaşmasına
şərait yaradır.

Bəs hazırda meyvə-tərəvəzin idxal və ixracında vəziyyət
necədir?

Mövzuyla bağlı Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və
İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Bəşir Quliyev
Trend
açılamasında bildirib ki, Azərbaycanda əkilib-becərilən
meyvə-tərəvəzin əksəriyyəti ixrac yönümlüdür. Bu o deməkdir ki,
ölkədə yetişdirilən məhsul daxili bazarlarda tələbatı ödəyir, hətta
ixrac üçün də istehsal olunur.

“Azərbaycanda yetişdirilən meyvələrin bir çoxu demək olar ki,
xaricdən idxal olunmur. Əgər eyni məhsuldan idxal olunsa, yerli
sahibkarın əlindəki meyvə-tərəvəz məhsul artıqlığına səbəb
olar”.

B.Quliyev bildirib ki, meyvə-tərəvəz məhsullarının bazarda
qiyməti ötən illərə nisbətdə müəyyən qədər artıb:

“Bu da dünyada gedən inflyasiya ilə müqayisədə təbii haldır.
Meyvə-tərəvəzin qiyməti ilə yanaşı, gübrə və tinglərin də
qiymətləri bahalaşır. Xərclərin qalxma nisbəti satış qiymətinin
artma qiymətindən çoxdur. Yəni, xərclər daha tez-tez artır, satış
qiyməti isə rəqabət mühitinə, istehsal həcminin çox olmasına görə
sürətlə artmır. Bu istiqamətdə rentabellik ildən-ildə aşağı
düşür”.

Assosiasiya sədri qeyd edib ki, Azərbaycanda bağçılıq sektoruna
çox böyük dəstək var deyə qonşu dövlətlərin bazarları ilə
müqayisədə meyvə-tərəvəzdə ən sərfəli qiymətlər bizdədir.

Onun fikrincə, növbəti ildə meyvə-tərəvəz məhsullarının
qiymətinin artacağını indidən demək mümkün deyil.




“Qiymətlərin artması prosesi iqlimdən, iqtisadi vəziyyətdən,
qonşu ölkələrin tənzimləmələrindən və sair detallardan asılıdır.
Lakin artımın olmayacağı qənaətindəyəm, çünki buna heç bir əsas
yoxdur. Bağların sayının çox olması meyvə-tərəvəzin bolluğuna səbəb
olur”.

B.Quliyev vurğulayıb ki, hazırda Azərbaycandan Rusiya, Polşa,
Belarusiya, Ərəb körfəz ölkələrinə meyvə-tərəvəz ixracı baş
tutur.

“Təbii ki, əsas payı Rusiya bazarlarına ixrac tutur. İxrac
qiymətlərində də artım gözlənilmir. Dövlət tərəfindən son illərdə
bağçılıq və istixanaçılığın, ixrac yönümlü məhsulların ölkədə
istehsalının artırılmasına diqqət böyükdür. Bu səbəbdən qonşu
istehsalçı ölkələr arasında yaranan tələbatı ilk Azərbaycan ödəyə
bilir”.

Assosiasiya sədri bildirib ki, bu gün Azərbaycan Rusiyaya
meyvə-tərəvəz ixracında bir çox qonşu ölkələrdən daha üst bazar
payına malikdir.

“Əsas rəqiblərimizdən olan Türkmənistanda ixtixana sektoru
2021-ci ildən inkişaf etdirilməyə başlanıb. Hazırda Türkmənistan
Rusiya bazarına ixracda bizə ciddi rəqibdir. Buna baxmayaraq
ixtixanaların inkişafı prosesinə Azərbaycan 2011-ci ildə başlayıb
deyə bizim müəssisələrimiz daha güclüdür və rəqabət bacarığı daha
yüksəkdir”,-deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən,
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 695 milyon
474.5 min ABŞ dolları dəyərində 660.5 min ton meyvə-tərəvəz ixrac
edilib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları
159.8 milyon dollar dəyərində pomidor (146.4 min ton),124.5 milyon
dollar dəyərində meşə fındığı (15.4 min ton), 66.9 milyon dollar
dəyərində xurma (91.9 min ton), 57.4 milyon dollar dəyərində alma
(81.8 min ton ), 28.2 milyon dollar dəyərində kartof (70.9 min
ton), 20.5milyon dollar dəyərində nar ( 21.4 min ton) olub.