
Bakı.Trend:
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq
edilib. Zərərçəkən polisə müraciət edərək naməlum şəxsin
mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində
qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını
bildirib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı
Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin
şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri
daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı
saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi
təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.


