Bakı. Trend:
“Barselona” İspaniya La Liqasının XIII turunda “Atletik”i
yenidən təmir olunmuş “Kamp Nou” stadionunda qəbul edəcək.
Trend xəbər
verir ki, bu barədə məlumat klubun “X” sosial media hesabında
paylaşılıb. Qarşılaşma noyabrın 22-də keçiriləcək.
Kataloniya təmsilçisi sonuncu dəfə bu arenada 2023-cü il mayın
28-də meydana çıxıb. İspaniya çempionatının XXXVII turuna təsadüf
edən matçda (3:0) rəqib “Malyorka” olub.
Xatırladaq ki, “Kamp Nou” 2023-cü ilin yayında təmirə bağlanıb.
“Barselona” bu mövsümün əvvəlində arena üçün əməliyyat lisenziyası
ala bilmədiyi üçün ev oyunlarını “Olympik Lyuis Kompanis”
stadionunda keçirib.
Kataloniyalılar 12 oyundan sonra 28 xalla turnir cədvəlində
ikinci yerdədir. Komandanı lider “Real Madrid”dən cəmi 3 xal
ayırır.

