Qızıl qaçaqmalçılığında ittiham olunan hərbi attaşenin sabiq baş köməkçisinin işi məhkəməyə göndərilib

Baş səhifə

Bakı. Trend:

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin baş
köməkçisi olmuş Qəhraman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi
Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq
iclası keçirilib.

Trend xəbər
verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin
sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket
məlumatları dəqiqləşdirilib.

Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah
edilib.

Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul
edib.

Məhkəmənin baxış iclası 28 noyabra təyin olunub.




Qeyd edək ki, DTX-nin Mətbuat xidmətinin məlumatına görə,
Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə
əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin
törədilməsində iştirak etmələri faktı ilə əlaqədar DTX-də
başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.
Araşdırmalar zamanı, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi
attaşesinin baş köməkçisi vəzifəsində xidmət etmiş
polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər
Azərbaycan Respublikasının vətəndaşı və xarici ölkə vətəndaşları
ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında
BƏƏ-dən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin
qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak
etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov
başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr
2024-cü il tarixində ABŞ-dan Türkiyəyə gəlib, həmin gün əlbir
olduğu digər şəxs tərəfindən BƏƏ-dən gətirilərək İstanbul
Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən
saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl
külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün
nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik
pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən
ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri
gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman
Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə
təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri
istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının
əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş
baxış zamanı içərisində 10.391.970,08 manat dəyərində olan 70
kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc
yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük
sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Qəhraman Məmmədov DTX-də davam edən cinayət işi üzrə AR Cinayət
Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda
qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən
istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda
vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət
məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun
barəsində həbs qətimkan tədbiri seçilib.