Azərbaycanda ilk dəfə olaraq WUF13 çərçivəsində liderlərin zirvə toplantısı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq 13-cü Ümumdünya Şəhərsalma Forumu
(WUF13) çərçivəsində liderlərin zirvə toplantısı keçiriləcək.

Trend xəbər verir
ki, bunu bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
WUF13-ün milli koordinatoru Anar Quliyev diplomatik korpus üçün
WUF13-ə həsr olunmuş brifinqdə bildirib.

“Azərbaycan forumun əhəmiyyətini və təsirini artıracaq bir sıra
yeni təşəbbüslər həyata keçirir. WUF ilk dəfə olaraq liderlərin
zirvə toplantısını təşkil edəcək, bu sammit dövlət və hökumət
başçılarını bir araya gətirərək şəhərlərimizin gələcəyini müzakirə
etməyə imkan verəcək. Bu yenilikçi addım Azərbaycanın qlobal
prioritetlərin formalaşmasında əhəmiyyətli siyasi mövqe ortaya
qoymaq istədiyini vurğulayır”,- deyə Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan dayanıqlı və etibarlı şəhər
gələcəyinə siyasi bağlılığın yeni bir dövrünü təşviq etməyi
planlaşdırır.




“COP29-dakı qloballaşma günü təcrübəsinə əsaslanaraq, WUF 13-ün
nazirlik səviyyəsində görüşü daha interaktiv, praktik və
nəticəyönümlü olacaq şəkildə yenidən qurulacaq, nazir, meri,
ekspert və praktiklərin birbaşa qarşılıqlı mübadiləsini təmin
edəcək”, – deyə əlavə edib.

Quliyev qeyd edib ki, bu yenilənmiş format siyasi dialoqu
gücləndirəcək, qərar mübadiləsini sürətləndirəcək və ölkələrə şəhər
və mənzil prioritetlərini həll etməkdə konkret nəticələrin əldə
olunmasına töhfə verəcək.

Bundan əlavə, onun sözlərinə görə, WUF 13 şəhərlərin və yerli
hakimiyyət orqanlarının geniş və məzmunlu iştirakına xüsusi diqqət
ayıracaq.

Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda
keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan
hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif
ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti,
gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirəcək.