Bakı. Trend:
Liviyanın paytaxtı Tripolidən 120 kilometr şərqdə yerləşən Xums
şəhəri sahillərində miqrantları daşıyan iki qayıq batıb.
Trend xəbər verir
ki, hadisə nəticəsində 4 miqrantın cəsədi sudan çıxarılıb.
Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, batan birinci
qayıqda Banqladeş əsilli 26 miqrant olub və onlardan dördü ölüb.
Digər qayıq isə 69 miqrantı Avropaya aparırmış, onlardan ikisi
misirli, qalanları sudanlıdır.
Liviya Qızıl Aypara Cəmiyyəti xilas olunan və ya itkin
düşənlərin sayını açıqlamayıb. BMT-nin Beynəlxalq Miqrasiya
Təşkilatının məlumatına görə, bu il Mərkəzi Aralıq dənizini keçməyə
cəhd edərkən ölən miqrantların sayı 1000 nəfəri ötüb.
Qeyd edək ki, noyabrın 8-də Liviya sahillərində başqa bir
qayığın batması nəticəsində 40-dan çox insan ölüb. Sağ qalanların
sözlərinə görə, həmin qayıqda 49 miqrant və qaçqın olub, o cümlədən
47 kişi və 2 qadın. Yola düşdükdən təxminən altı saat sonra yüksək
dalğalar mühərrikin sıradan çıxmasına səbəb olub. Altı gün dənizdə
üzəndən sonra yalnız yeddi kişi sağ qalıb, onların dördü Sudandan,
ikisi Nigeriyadan və biri Kamerundandır, digər 42 nəfər isə itkin
düşüb.

