TAP-ın 5 illiyi: Azərbaycan panavropa qaz tədarükçüsü mövqeyini möhkəmləndirir

Baş səhifə

Bakı. Trend:

Bu gün Transadriatik boru kəmərinin (TAP) – Azərbaycan qazını
Avropaya çatdıran Cənub Qaz Dəhlizinin Avropa seqmentinin
kommersiya istismarına başlanmasının beş ili tamam olur. Bu beş il
ərzində TAP təbii qaz tədarükünün əsas marşrutlarından birinə
çevrilərək Avropanın enerji təhlükəsizliyini gücləndirib və
mürəkkəb transavropa infrastruktur layihəsinin uğurla həyata
keçirilməsini nümayiş etdirib. Bu boru kəməri sadəcə mühəndislik
qurğusu deyil, dayanıqlı enerji inkişafı naminə ölkələri və
bazarları birləşdirən mühüm strateji təşəbbüsdür.

TAP-ın reallaşması Azərbaycanın iştirakı olmadan mümkün olmazdı.
Məhz Azərbaycan layihəni zəruri enerji resursları ilə təmin edib və
onun işə düşməsində həlledici rol oynayıb. Bakının strateji baxışı,
siyasi iradəsi və uzunmüddətli enerji siyasəti sayəsində TAP
Avropanın qlobal qaz bazarında mövqelərini gücləndirən etibarlı
dəhlizə çevrildi. Bu gün boru kəməri təkcə texnoloji uğurun deyil,
həm də enerji tədarükünün şaxələndirilməsində Azərbaycanın fəal
rolunun və regionun sabit enerji arxitekturasının formalaşmasına
verdiyi töhfənin rəmzidir.

Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2015-ci ildə keçirilən
ilk iclasında Prezident İlham Əliyev bildirib ki, 2011-ci ildə
Avropa Komissiyasının o vaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub
Qaz Dəhlizi haqqında birgə Bəyannamə imzalanıb və həmin sənəddə
Azərbaycan Cənub Qaz Dəhlizinə əsas töhfə verən və bu layihəni
həyata keçirən ölkə kimi qeyd olunub.

Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində
rolu ən yüksək səviyyədə tanındığı bir zamanda Prezident İlham
Əliyevin hələ 2015-ci ildə səsləndirdiyi mövqenin necə uzaqgörən
olduğu xüsusilə aydın görünür:

“Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq
təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan
şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda
biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini
nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin
mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin
şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz –
Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün
yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa
vəziyyət yaradır”.

Bu fikirləri bugünkü geosiyasi reallıqla müqayisə etdikdə,
dövlət başçısının strateji baxışının nə dərəcədə dəqiq və uzaqgörən
olduğu daha da aydın görünür. 2022-ci ilin fevralından sonra
Avropanın enerji təhlükəsizliyi məsələsi misilsiz dərəcədə
aktuallaşıb və şaxələndirmə enerji siyasətinin sadəcə elementi
deyil, həyati əhəmiyyət kəsb edən zərurətə çevrilib.

Avropa bu gün heç vaxt olmadığı qədər yeni, etibarlı və
proqnozlaşdırıla bilən enerji mənbələri axtarışını gücləndirib.
Məhz belə bir zamanda Azərbaycan tərəfindən illər əvvəl
formalaşdırılmış strateji kurs öz həqiqi dəyərini göstərib.

Azərbaycan Avropaya yeni qazın əsas tədarükçüsünə çevrilib –
təkcə marşrutların şaxələndirilməsi hesabına deyil, ondan da
önəmlisi, Prezident İlham Əliyevin on il əvvəl vurğuladığı kimi,
yeni qaz mənbəyinin təqdim olunması sayəsində. Cənub Qaz Dəhlizi,
TAP, TANAP, “Şahdəniz” yatağında hasilatın genişləndirilməsi –
bütün bu layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin
dayağıdır.

TAP-ın tarixi

2003-cü ildə İsveçrənin” EGL Group (Axpo)” şirkəti Transadriatik
boru kəməri layihəsini elan edib. Layihənin texniki-iqtisadi
əsaslandırılması təxminən üç il davam edərək 2006-cı ildə
tamamlanıb. Həmin vaxt iki marşrut variantı nəzərdən keçirilirdi:
birincisi – Bolqarıstan, Şimali Makedoniya və Albaniya üzərindən
keçən şimal marşrutu; ikincisi – Yunanıstan və Albaniya üzərindən
keçən cənub marşrutu.

Alternativlər araşdırıldıqdan sonra “Şahdəniz” konsorsiumu 28
iyun 2013-cü ildə “Şahdəniz-2” layihəsi çərçivəsində qazın
Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropa istehlakçılarına
çatdırılması üçün mövcud TAP marşrutunu seçdiyini rəsmən elan edib.
17 may 2016-cı ildə Yunanıstanın Saloniki şəhərində TAP-ın
təməlqoyma mərasimi keçirilib.

2019-cu ilin noyabrında TAP-ın Yunanıstan seqmentində qazın
sınaq verilişinə başlanılıb. TAP-ın tikintisi 2020-ci ilin
oktyabrında başa çatıb. Boru kəməri İtaliyanın qazpaylayıcı
şəbəkəsinə qoşulduqdan sonra 15 noyabrda, 31 dekabr tarixində
Azərbaycandan Avropaya ilk kommersiya qaz tədarükünə start
verilib.

Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə ixrac edir, onların 10-u
Avropa ölkələridir və 8-i Avropa İttifaqının üzvüdür.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, TAP
vasitəsilə Azərbaycandan Avropa İttifaqına boru kəmərləri ilə nəql
edilən qazın 7 faizi təmin olunur və ölkəmiz Aİ-nin dördüncü ən
böyük qaz tədarükçüsüdür. Bu günədək TAP ilə Avropaya 51,2 milyard
kubmetr qaz ötürülüb: 42,9 milyard kubmetr İtaliyaya, 4,9 milyard
kubmetr Yunanıstana, 3,4 milyard kubmetr Bolqarıstana çatdırılıb.
Cari ilin 9 ayı ərzində ümumilikdə 8,5 milyard kubmetr qaz nəql
olunub – 7 milyardı İtaliyaya, 0,8 milyardı Yunanıstana, 0,7
milyardı Bolqarıstana.

Prezident İlham Əliyevin bu ilin aprelində Cənub Qaz Dəhlizi
üzrə Məşvərət Şurasının 11-ci nazirlər toplantısında və Yaşıl
Enerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər toplantısında dediyi
kimi, Azərbaycan qazının Avropaya tədarük coğrafiyası genişlənəcək,
çünki Azərbaycan artıq bir sıra Avropa ölkələrinin qazpaylayıcı
şəbəkəsinin qurulmasında iştirak edir.

“Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq
genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama
şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların
bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və
Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz
təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o
cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”,- deyə dövlət
başçısı bildirib.

TAP-ın genişləndirilməsi

TAP üzrə qaz tədarükünün 2026-cı ilə qədər əlavə 1,2 milyard
kubmetr artırılması 2024-cü ilin yanvarında təsdiqlənib. Bundan
sonra Azərbaycanın qaz hasilatı strategiyasına müvafiq düzəlişlər
edilib. TAP-ın genişləndirilməsi əlavə qaz həcmlərinin daşınmasına
imkan verəcək və bununla da Azərbaycan qazı alan ölkələrin sayı
artacaq, tədarük şəbəkəsi daha da genişlənəcək.




2022-ci ildən etibarən Energetika Nazirliyi və Avropa
Komissiyasının enerji üzrə komissarının həmsədrliyi ilə Yüksək
səviyyəli Enerji Dialoqu aparılır. Cənub Qaz Dəhlizinin
genişləndirilməsi və tədarük həcmlərinin artırılması bu dialoqun
əsas mövzularıdır. Bu çərçivədə Azərbaycan TAP-ın maksimal gücü ilə
işləməsinə nail olub, Avropaya qaz tədarükünü 60 faizədək artırıb
və TAP iştirakçısı olmayan ölkələrə də Türkiyə və Bolqarıstan
ərazisi vasitəsilə qaz ixracını təşkil edib. Avropaya əlavə qaz
tədarükünün gələcək artımı birbaşa Aİ siyasətindən asılıdır.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə Məşvərət şurasının
11-ci nazirlər toplantısında qeyd edib ki, uzunluğu 3500 km olan
inteqrasiya olunmuş boru kəmərləri sistemi bu gün bir çox ölkələr
üçün enerji təhlükəsizliyinin əsas arteriyasıdır:

“İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri,
istərsə də TANAP və ya TAP – Cənub Qaz Dəhlizinin üç ayrılmaz
hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə
ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir
nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə
faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq
qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də
müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz
siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta
hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli
olacaqdır”.

Şübhəsiz ki, Azərbaycan qazı alan, həcmlərin artırılmasında
maraqlı olan, eləcə də Azərbaycanın “mavi” yanacağına çıxış əldə
etmək istəyən ölkələr mövcud infrastrukturun genişləndirilməsinin
zəruriliyini dərk edirlər.

Trend
açıqlamasında Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki,
Avropanın qaz tədarükünü şaxələndirmək və Rusiyadan asılılığı
azaltmaq səyləri çərçivəsində Aİ Cənub Qaz Dəhlizi ilə tədarükləri
artırmaq niyyətindədir və bu istiqamətdə Azərbaycan hökuməti və
digər tərəfdaşlarla əməkdaşlıq edir.

O bildirib ki, Aİ dəyişən enerji mənzərəsi fonunda TAP-ın ötürmə
qabiliyyətinin artırılması imkanlarını qiymətləndirmək üçün maraqlı
tərəflərlə sıx işləməyə davam edir:

“2022-ci ildən etibarən enerji qənaəti tədbirləri və bərpa
olunan enerji mənbələrinin payının artması nəticəsində Aİ-də ümumi
qaz tələbatı azalıb. Bununla belə, qeyri-rus qazı tələbatın
ödənilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində hələ də
əsas rol oynayır.

Aİ-nin qüvvədə olan qaydaları artıq Aİ büdcə vəsaitlərinin
beynəlxalq fosil layihələrinə investisiya üçün istifadəsinə imkan
vermədiyindən, TAP-ın nəqliyyat infrastrukturunun istənilən
genişləndirilmə səyləri bazar tələbi və qiymət dinamikası nəzərə
alınmaqla kommersiya baxımından əsaslandırılmalıdır. Bu kontekstdə
TAP-ın mütəmadi bazar sınaqları marağın qiymətləndirilməsi və əlavə
gücün zəruriliyinin şəffaf və ayrı-seçkiliksiz əsasda
müəyyənləşdirilməsində əsas rol oynayır”, – deyə AK nümayəndəsi
bildirib.

TAP-ın “yaşıl” gündəliyi

Bir neçə ölkədən və müxtəlif coğrafi zonalardan keçən
Transadriatik boru kəməri ətraf mühitə təsirin minimuma
endirilməsi, ekosistemlərin qorunması və yerli icmaların
dəstəklənməsi üzrə ciddi öhdəlik nümayiş etdirir.

TAP-ın baş icraçı direktoru Luka Skyeppati Trend-ə müsahibəsində
bildirib ki, TAP ətraf mühitin, sosial və mədəni irsin qorunması
(ESCH) üzrə ciddi standartlara riayət edir və daimi monitorinq,
qiymətləndirmə və idarəetmə həyata keçirir.

“Biz layihənin bütün mərhələlərində – planlaşdırmadan və
layihələndirmədən tutmuş tikintiyə qədər – fəaliyyətimizi
istiqamətləndirmək, riskləri minimallaşdırmaq və ESCH idarəetmə
sistemində risklərin qarşısının alınması, nəticələrin
yüngülləşdirilməsi və dayanıqlılıq prinsiplərini tətbiq etmək üçün
həssas ekoloji və sosial aspektlər barədə geniş məlumatlar
toplamışıq.ESCH həssas zonalara təsirlərdən maksimum dərəcədə
qaçınmaq məqsədilə boru kəmərinin marşrutu və yerüstü obyektlərin
mövqeyi xüsusi diqqətlə seçilib. Bizim bütün obyektlər iştirakçı
ölkələrin milli standartlarına, ətraf mühit və sosial sahəyə
təsirin qiymətləndirilməsi sənədinə, Aİ direktivlərinə,
kreditorların tələblərinə və TAP-ın öz idarəetmə sisteminin
tələblərinə cavab verir”, – deyə Skiepatti qeyd edib.

TAP bu yaxınlarda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) metan
emissiyalarının uçotu və azaldılması üzrə aparıcı təşəbbüsü olan
Oil & Gas Methane Partnership 2.0 (OGMP 2.0) təşəbbüsü çərçivəsində
Gold Standard Pathway standartına sadiqliyini təsdiqləyib. Bu mühüm
tanınma TAP-ın fəaliyyətinin bütün mərhələlərində metan
emissiyalarının daha dəqiq anlaşılmasına, kəmiyyətcə
qiymətləndirilməsinə və azaldılmasına sadiqliyini əks etdirir.
Sertifikatlaşdırma onu da göstərir ki, TAP metan emissiyalarının
ölçülməsi və uçotu üzrə OGMP 2.0-ın sərt tələblərinə uyğun detallı
bir yol xəritəsi hazırlayıb; bu tələblər neft-qaz sektorunda
şəffaflıq və effektivlik üçün qlobal meyar kimi çıxış edir.

Hazırda TAP vasitəsilə hidrogenin nəqlinin texniki imkanları da
qiymətləndirilməkdədir.

Transadriatik boru kəmərinin beş illik uğurlu fəaliyyəti
Prezident İlham Əliyevin strateji uzaqgörənliyini aydın şəkildə
nümayiş etdirir. TAP təkcə infrastruktur layihəsi deyil, Avropanın
enerji təhlükəsizliyinin mühüm elementi kimi çıxış edərək,
Azərbaycan qazının etibarlı tədarükünü təmin edir və mənbələrin və
marşrutların şaxələndirilməsinə töhfə verir.

Davamlı enerji mənbələrinə artan tələbat və enerji
təhlükəsizliyinin gücləndirilməsi zərurəti fonunda Avropa ölkələri
Azərbaycan təbii qazının həcmlərinin artırılmasına açıq maraq
göstərirlər. Artıq Azərbaycandan qaz alan dövlətlər tədarükləri
artırmağa can atır, hələ Cənub Qaz Dəhlizinə qoşulmayan ölkələr isə
bu etibarlı mənbəyə çıxış əldə etmək istəklərini ifadə edirlər.

Mövcud geosiyasi vəziyyət və bazarın tələbləri praqmatik yanaşma
tələb edir. Tam enerji keçidi aralıq həllər olmadan mümkün deyil.
Buna görə də beynəlxalq maliyyə qurumlarının mövqelərini yenidən
nəzərdən keçirmələri və xüsusilə Cənub Qaz Dəhlizinin
genişləndirilməsi kimi təbii qazın nəqli layihələrini
maliyyələşdirməyə davam etmələri son dərəcə vacibdir.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsi təcrübəsi göstərdi ki,
Azərbaycanla Avropa ölkələri arasında sıx əməkdaşlıq, uzaqgörənlik
və strateji planlaşdırma real nəticələr verə bilir. Bu gün də
Avropanın uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini təmin
etmək üçün eyni dərəcədə qətiyyət və gələcəyə baxış tələb
olunur.