Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub

Baş səhifə

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Koreya
Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında
əməkdaşlığın növbəti mühüm mərhələsi baş tutub.

Trend xəbər
verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
məlumat yayıb.

Bildirilib ki, “Koreya Respublikası Hökuməti və Azərbaycan
Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi” üzrə
həyata keçirilən “Kiçik Həcmləri ODA (İnkişafa Rəsmi Yardım)”
proqramı çərçivəsində TƏBİB-in tabeliyindəki Gəncə şəhər Birləşmiş
Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təhvil-təslim
mərasimində bildirib ki, bu cür layihələr ölkəmizin səhiyyə
sisteminin inkişafına mühüm töhfə verir:

“Layihənin əsas məqsədi ölkəmizdə həssas əhali qrupu üçün tibbi
xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır.
Xüsusilə vurğulamaq istərdim ki, ianə edilən tibbi avadanlıqlar
ümumi və uroloji cərrahiyyə, diaqnostika, anesteziologiya,
reanimasiya və intensiv terapiya tədbirlərinin həyata keçirilməsi
üçün müasir texnikalardır. Xəstəxananın cərrahiyyə və reanimasiya
bölmələrində istifadə olunacaq avadanlıqlar kritik vəziyyətdə olan
xəstələr üçün həyati əhəmiyyət daşıyır. İnanırıq ki, yeni
avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli
və müasir tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasına
töhfə verəcək”.




TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə çıxışında
vurğulayıb ki, 2024-cü ildə Koreya Hökumətinin dəstəyi ilə Gəncədə
“Uşaqlara Tibbi Müayinə Dəstəyi” layihəsi həyata keçirilmiş, eyni
zamanda “Kiçik Həcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində
ürək-damar xəstəlikləri ilə bağlı xəstəxanaya 18 adda müasir tibbi
avadanlıq ianə edilib:

“Xəstəxana regionda ən çox tibbi xidmət göstərən müəssisədir və
eyni zamanda bura qonşu rayonlardan da müraciətlər çox olur. İanə
edilən avadanlıqlar bizə imkan verəcək ki, göstərdiyimiz tibbi
xidmət daha keyfiyyətli olsun və bütün bunlar, əlbəttə ki,
ölkəmizdə müasir səhiyyə idarəçiliyi modelinin tətbiqi baxımından
olduqca əhəmiyyətlidir”.

“Gəncə Azərbaycanın əsl xəzinəsidir. İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi ilə birgə həyata keçirdiyimiz layihələr sayəsində
bu şəhərin və ümumilikdə Azərbaycanın səhiyyə sisteminə real töhfə
verə bildiyimiz üçün qürur duyuram. Son üç ildə həyata keçirilən
təşəbbüslər yalnız tibbi xidmətlərin keyfiyyətinin artmasına deyil,
həm də iki ölkə arasında dostluğun və qarşılıqlı inamın
möhkəmlənməsinə xidmət edir”, – deyə Koreya Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu
bildirib.

Qeyd edək ki, bu layihə “Koreya Respublikası Hökuməti və
Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə
Sazişi”nə əsasən “Kiçik Həcmləri ODA (İnkişafa Rəsmi Yardım)”
proqramı çərçivəsində həyata keçirilən üçüncü tibbi avadanlıq
ianəsidir. Əvvəlki illərdə də proqram çərçivəsində TƏBİB-in
tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq
sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilmiş, həmçinin
pandemiya dövründə müayinə köşkləri təhvil verilmişdir.