
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər
edib.
Trend xəbər
verir ki, səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda
canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət
edib. O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc
Əhmədova ilə söhbət edib, qəhrəman oğullarının həyatı, döyüş yolu,
eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.
Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni
gündə şəhid olublar. Azərbaycan Respublikası Prezidentinin müvafiq
Sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə”
ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”,
“Laçının azad olunmasına görə” medalları, İslam Əhmədov isə 3-cü
dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur
döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif
olunub.
Daha sonra Leyla Əliyeva Mingəçevir şəhərində yerləşən yaşlılar
üçün “Yaşa” mərkəzinə gəlib. Mərkəzdə pensiya yaşında olan şəxslər
müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər
yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq
maarifləndirici və mədəni tədbirlər təşkil edilir. Leyla Əliyeva
yaşlılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə
baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları
barədə məlumat alıb.
Səfər çərçivəsində Leyla Əliyeva Mingəçevir Uşaq Nevroloji
Sanatoriyasını ziyarət edib. Sanatoriyada daimi əsasda 20-yə yaxın
uşaq müalicə və reabilitasiya alır. Müəssisədə yaradılan şərait,
tibbi xidmətin təşkili, uşaqlar üçün reabilitasiya proqramları
haqqında ətraflı məlumat verilib. Leyla Əliyeva balaca
pasiyentlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək
onların fəaliyyətinə uğurlar arzulayıb. Leyla Əliyeva tərəfindən
Uşaq Nevroloji Sanatoriyasına ayaq və əl reabilitasiyası üçün
müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri,
həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub.
Daha sonra Leyla Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına 1
nömrəli onbirillik musiqi məktəbində olub. Məktəbdə tar, kaman,
qarmon və digər siniflər üzrə tədrislə tanış olan Leyla Əliyevaya
təhsil ocağının şagirdlərinin müxtəlif yerli və beynəlxalq
müsabiqələrdə uğurla iştirakı barədə məlumat verilib. Bildirilib
ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar,
qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir.
Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən
onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda
məktəbdə 600-dən çox şagird təhsil alır. Leyla Əliyeva tərəfindən
30-dan çox zəruri musiqi aləti – tar, kamança, qarmon, violin,
royal, piano və s. tədris müəssisəsinə hədiyyə edilib.
Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert
proqramı təqdim olunub.

