
Bakı. Trend:
Son 5 ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb. Əvvəllər bu
say 1000 idisə, indi 400-dən azdır. Bu, hər il təxminən 100
məktəbin yenilənməsi deməkdir.
Trend xəbər
verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin
Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil
komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı
il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.
Nazir vurğulayıb ki, hazırda bu məktəblərin ya əsaslı təmirə, ya
da yenidən tikintisinə ehtiyac var. Bu işlərin hamısının qısa
müddətdə görülməsi mümkün deyil və əsasən maliyyə imkanlarından
asılıdır:
“2003-2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilib
və əsaslı təmir edilib. Bu tədbirlər nəticəsində 1,3 milyondan çox
şagirdin təhsil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
2025-ci ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına 47 təhsil
müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 20 təhsil
müəssisəsinin tikintisi və təmiri başa çatdırılıb”.
E.Əmrullayev qeyd edib ki, Elm və Təhsil Nazirliyi böyük
məktəblərə və çox sayda şagirdi olan müəssisələrə üstünlük
verir.
“Kiçik həcmli məktəblər üçün isə daha qənaətcil və ehtiyaca
uyğun layihələrin hazırlanması vacib sayılır. Məsələn, 150–200
şagirdlik məktəbdə böyük idman zalının tikilməsi məqsədəuyğun
olmaya bilər. Bu baxımdan, standartların yenidən nəzərdən
keçirilməsi planlaşdırılır”, – deyə o qeyd edib.


