FHN və ƏƏSMN arasında Birgə Fəaliyyət Planı imzalanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan
şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və
nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin
olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planı
imzalanıb.

Trend
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Konvensiyasından irəli gələn müvafiq öhdəliklərin icrası
məqsədinə xidmət edir.




Fəaliyyət Planına əsasən, əlilliyi olan və onlara qulluq edən
şəxslər üçün fövqəladə hallarla bağlı davranış qaydalarına dair
maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasedici və
yanğınsöndürənlərinin əlilliyi olan şəxslərə yardım göstərilməsi
üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi ilə bağlı
təlimlər təşkil olunacaq və əlilliyi olan şəxslərin “112” qaynar
telefon xəttinə müraciətlərinin qəbul edilməsi üzrə müasir
texnologiya və üsulların tətbiqi imkanları araşdırılacaq.

Sənəddə əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq, o cümlədən
SMS xidməti və məlumatlandırma üzrə tətbiqlərin yaradılması,
fövqəladə hadisə baş verdikdə əlilliyi olan şəxslərin reabilitasiya
və sosial xidmət müəssisələri barədə məlumat mübadiləsinin
aparılması, onların təxliyəsi, qeydiyyatı, müvəqqəti
yerləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulub.