
Bakı. Trend:
“S&P Global Ratings” agentliyinin qiymətləndirməsinə görə,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə
göstəriciləri onların yaxşılaşması üçün imkanlar məhdud olsa belə,
qarşıdakı illərdə nisbi sabit qalacaq.
Trend xəbər verir
ki, agentliyin gözləntilərinə görə, SOCAR-ın EBITDA göstəricisi
2025-2027-ci illərdə 2024-cü ildəki 6,7 milyard manatla müqayisədə
5,5-6 milyard manata qədər azalacaq. Bu azalma dünya bazarında neft
və qazın qiymətlərinin aşağı düşməsi, həmçinin karbohidrogen
hasilatının tədricən azalması ilə əlaqədardır.
Bununla belə, “S&P”nin proqnozlarına əsasən, əməliyyat
fəaliyyətindən əldə olunan pul axınları (FFO) ümumilikdə sabit
qalacaq. Bu, əsasən vergi yükünün azalması və faiz xərclərinin cüzi
şəkildə enməsi ilə izah olunur. Nəticədə, SOCAR agentliyin baza
ssenarisinə əsasən, FFO-nun borca nisbətini 12-15 faiz diapazonunda
saxlaya biləcək.
“S&P” bildirir ki, bu proqnoz kapital xərclərinin (Capex)
illik təxminən 3 milyard manata qədər artımını da nəzərə alır. Bu
artım hasilat layihələrinə mümkün investisiyaları və sabit
səviyyədə dividend ödənişlərinin qorunmasını əks etdirir.
Agentliyin qiymətləndirməsinə görə, “S&P Global Ratings”
metodologiyasına əsasən SOCAR-ın korrektə edilmiş borc göstəricisi
orta-müsbət sərbəst əməliyyat pul axınına (FOCF) baxmayaraq, yüksək
səviyyədə– təxminən 27,5-28 milyard manat, FOCF isə təxminən 1
milyard manat civarında qalacaq.
Eyni zamanda, “S&P” vurğulayır ki, hesablamalarda xalis
deyil, ümumi borc (pul vəsaitləri nəzərə alınmadan) əsas götürülür,
hərçənd, modeldə müəyyən korrektələr tətbiq olunur. Bununla belə,
SOCAR-ın 2024-cü ilin sonuna olan balansında təxminən 14 milyard
manat həcmində əhəmiyyətli pul vəsaitləri mövcuddur ki, bu da
xüsusilə qısamüddətli öhdəliklərin yüksək payı nəzərə alındıqda
şirkətin likvidliyini dəstəkləyir.


