
Bakı.Trend:
Hazırda Bakı-Qazax avtomobil yolunda təmir işləri hissə-hissə
aparılır.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib.
O qeyd edib ki, əgər 100 kilometrlik yolda təmir aparılacaqsa,
əvvəlcə 10 kilometrində iş gedir.
“Belə olduqda, ikitərəfli istiqamətdə məhdudiyyət tətbiq edilən
yolda sürücülərin əks yollara çıxması halları müşahidə edilir. Bu
halda tıxac yaranır. Halbuki sürüclər nizamlı hərəkətə, müvəqqəti
yol nişanlarının tələblərinə riayət etsələr hərəkət daha asan icra
edilər”.
Qurum rəsmisi bildirib ki, həmin əraziyə kifayət qədər axın var,
yəni sözügedən yol magistraldır.
A.Nəcəfli vurğulayıb ki, AAYDA tərəfindən işlər açıq hava
şəratində və intensiv hərəkət olan şəraitdə, tətbiq olunmuş qrafikə
əsasən aparılır:
“Hazırda işlərin nə zaman yekunlaşacağını demək mümkün deyil.
Maksimum dərəcədə ərazidə işlərin tezliklə yekunlaşması üçün
çalışılır. Təmir işləri də nəticədə sürücülərin rahatlığı üçündür,
bu səbəbdən hazırda müəyyən tıxac və digər maneələrin olması
gözlənilən idi”,- deyə qurumdan əlavə olunub.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən “Böyük İpək yolu”nun tərkib hissəsi olan M2
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil
yolunda təmir işlərinə cari ilin avqustunda başlanılıb.


