2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın inkişafı üçün yeni mərhələnin başlanğıcını müəyyən etdi – Ombudsman

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan
edilməsi bu tarixi nailiyyətlərin əhəmiyyətini bir daha önə
çəkməklə Azərbaycanın gələcək inkişafı üçün yeni mərhələnin
başlanğıcını müəyyən etmiş oldu.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Konstitusiya və qanunun
aliliyi müasir hüquq sistemlərində” mövzusunda Beynəlxalq
Konfransda çıxışı zamanı bildirib.

Ombudsman qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin
bərpası, demokratik dövlət kimi formalaşması və inkişafı görkəmli
ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin
uzaqgörən siyasəti və tarixi xidmətləri ilə bağlıdır:




“Məhz onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında
bəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edən
hüquqi və dünyəvi dövlətin qurulmasıdır.

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı
inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının
ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyamızda insan hüquq
və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi
təsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərin
təzahürüdür. Təsadüfi deyildir ki, Ölkəmizin Ali Qanununun ən böyük
fəsli məhz insan hüquq və azadlıqlarına həsr olunmuşdur”.