
Bakı. Trend:
Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik
yüksək səviyyəyə qalxıb. 9-10 noyabrda baş verən X5 alışması zamanı
asimmetrik tac kütlə atılması nəticəsində plazma kütləsinin
noyabrın 12-də Yerə yaxınlaşması proqnozlaşdırılır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika
kafedrasından Trend-ə verilən xəbərə görə, hazırda Günəş aktivliyi
R1-R2 (zəif-orta), günün yarısından başlayaraq noyabrın 13-dək R3
(güclü-aktiv) səviyyədə olacaq.
Aktivlik noyabrın 13-ü günortayadək davam edə bilər. Yüksək
coğrafi enliklərdə noyabrın 12-də maqnit qasırğasının gücü 10
ballıq şkala ilə 4-8, noyabrın 13-də azalaraq 3-5 səviyyəsində
olacaq. Orta coğrafi enliklərdə noyabrın 12-də qasırğanın gücü 4-7,
sonrakı günlər azalaraq fon səviyyəsində olacaq.
9-10 noyabr tarixlərində baş verən tac kütlə atılması
nəticəsində noyabrın 12-də yüksək coğrafi enliklərdə G2-G4
səviyyəsində maqnit qasırğası proqnozlaşdırılır. Günün yarısında
bu, artaraq G3-G4 (güclü) qasırğa səviyəsinə yüksələcək. Tac kütlə
atılması səbəbindən noyabrın 13-də qasırğanın G1-G3 səviyyədə
qalacağı proqnozlaşdırılır. 14 noyabr tarixində aktivlik
azalacaq.


