
Bakı. Trend:
İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir.
Trend
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən Bakı şəhərində mikromobillik
infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam
etdirilir.
Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik
vasitələrindən istifadə edən hərəkət iştirakçılarının
təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli
qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə
işlər Yasamal rayonunun küçə və prospektlərində davam
etdirilir.
Belə ki, daha öncə Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy
Haqverdiyev küçəsində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır
və hazırda işlər İnşaatçılar prospektində aparılır.
İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə
kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə kimi
mikromobillik zolağı yaradılarkən hərəkət zolaqlarının ölçüləri
standartlara uyğunlaşdırılıb və sayı dəyişməz olaraq qalıb.
Qeyd edək ki, prospektdə aparılan təhlillər nəticəsində
piyadaların rahatlığı və təhlükəsizliyi üçün tələbat olan yerlərdə
yeni eynisəviyyəli piyada keçidləri də təşkil olunacaq.
Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata
keçirilir. Yaxın günlərdə yol nişanlarının quraşdırılmasına
başlanılacaq.
Növbəti mərhələdə mikromobillik zolaqlarının davamlılığının
təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan
zolaqlarla əlaqələndirməsi nəzərdə tutulur.

