Bakı. Trend:
Kolumbiyanın Santa Marta şəhərində Latın Amerikası və Karib
Dövlətləri Birliyi (CELAC) ilə Avropa İttifaqının (Aİ) iki günlük
sammiti öz işinə başlayıb.
Trend xəbər verir
ki, görüşün əsas mövzuları ticarət əlaqələrinin gücləndirilməsi və
mütəşəkkil cinayətkarlıqla mübarizədir. Sammit ABŞ-nin Avropa
müttəfiqləri və Latın Amerikası ölkələrinə artan təzyiqləri fonunda
keçirilir.
Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib ki,
CELAC-ın 33 üzvü ABŞ-la gərgin münasibətlərə cavab olaraq sammitin
dördüncü iclasında Venesuelaya həmrəylik göstərə bilərlər. Onun
sözlərinə görə, iştirakçılar Karakasa dəstək bəyannaməsi qəbul edə
bilərlər.
Müşahidəçilər hesab edirlər ki, belə bir sənədin Avropa
İttifaqının dəstəyini qazanması çətin olacaq və sammitin mühüm
qərarlar qəbul etməsi ehtimalı azdır.
Avropa İttifaqını tədbirdə Avropa Şurasının Prezidenti Antonio
Koşta və İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi Kaya Kallas təmsil edir.

