Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI
İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 6 idman
növündə qüvvəsini sınayacaqlar.
Trend xəbər verir ki, ağırlıqqaldırma yarışında Nuray Əbilova
(48 kiloqram), Selcan Qarayeva (53 kiloqram), Amin Osmanov (60
kiloqram) və Fuad Həsənov (65 kiloqram) çıxış edəcəklər.
Cüdoçuların mübarizəsində Könül Əliyeva (48 kiloqram), Gültac
Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan
Əlizadə (57 kiloqram), Ruslan Paşayev (66 kiloqram) və Hidayət
Heydərov (73 kiloqram) medal qazanmağa çalışacaqlar.
Üzgüçülük yarışlarında Vlastilina Xasyanova, Oqtay Hüseynov,
Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Anastasiya Boborikina,
Səid Həmidov, Məryəm Cavadova, Əbdürrəhman Rüstəmov, Fatimə
Alkərəmova və Yeqor Maynitski bacarıqlarını nümayiş etdirəcəklər.
Yığma, həmçinin 4×100 metr məsafəyə sərbəst üsulla üzmədə qarışıq
komanda yarışında mübarizə aparacaq.
Azərbaycan boksçularından Məhəmmədəli Qasımzadə (60 kiloqram),
Sərxan Əliyev (70 kiloqram) və Səidcəmşid Cəfərov (80 kiloqram) 1/4
görüşünə çıxacaqlar.
Futzal üzrə Azərbaycan millisi qrup mərhələsində növbəti oyunu
ev sahibi Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək. Görüş Bakı
vaxtı ilə saat 19:00-da başlayacaq.
Azərbaycanın stolüstü tennis yığması da Səudiyyə Ərəbistanı
kollektivi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20
idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23
növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

