“Lukoyl”un səhmləri ucuzlaşıb

Baş səhifə

Bakı. Trend:

“Gunvor” neft treyderi ABŞ Maliyyə Nazirliyinin döyüşlər başa
çatana qədər şirkətə lisenziya verməyəcəyini açıqlamasından sonra
“Lukoyl”un beynəlxalq aktivlərini almaq təklifini geri götürmək
qərarına gəlib.

Trend “RBK”ya
istinadla xəbər verir ki, səhər ticarət sessiyasının əvvəlində
“Lukoyl” səhmləri 4,23 faiz azalıb. Qiymət enişi “Gunvor”un
“Lukoyl”un beynəlxalq aktivlərini almaq təklifindən imtina etdiyini
elan etməsindən sonra qeydə alınıb.

Şirkət bu məlumatı ABŞ Maliyyə Nazirliyinin açıqlamasından qısa
müddət sonra X sosial media platformasında yayıb. Nazirliyin
açıqlamasında bildirilirdi ki, “Gunvor”un Rusiya ilə əlaqələri
səbəbindən Ukraynada döyüşlər davam etdiyi müddətdə şirkətə biznes
lisenziyası verilməyəcək.




Öz növbəsində, neft treyderi ABŞ Maliyyə Nazirliyinin bəyanatını
təkzib edərək, sahibləri və fəaliyyəti barədə açıq və şəffaf
şəkildə məlumat verdiyini, “on ildən artıq müddətdə Rusiyadan fəal
şəkildə uzaqlaşdığını” və hərbi əməliyyatları açıq şəkildə
pislədiyini bildirib. Bununla belə, şirkət “Lukoyl”un xarici
aktivlərini almaq təklifini geri götürmək qərarını qüvvədə
saxlayıb.

“Tsifra Broker” şirkətinin əvvəlki açıqlamasında qeyd olunub ki,
“Lukoyl”un bütün xarici aktivlərinin ədalətli dəyəri 11,3–12
milyard ABŞ dolları diapazonunda qiymətləndirilir. Lakin
sanksiyalar səbəbindən faktiki sövdələşmə qiymətinin daha aşağı ola
biləcəyi ehtimal edilir. Brokerin hesablamalarına görə, bu
aktivlərin uğurlu satışı “Lukoyl” üçün beynəlxalq sanksiyalarla
əlaqəli riskləri azalda, korporativ strukturu sadələşdirə və
şirkətin daxili əməliyyatlara diqqətini artıraraq dividend
perspektivlərinə müsbət təsir göstərə bilərdi.

“KIT Finance Broker”in ekspertləri bildiriblər ki, “Gunvor” ilə
sövdələşmə “Lukoyl” üçün həm likvidlik mənbəyi, həm də riskləri
minimuma endirməyin bir vasitəsi idi. Lakin sövdələşmənin pozulması
şirkəti daha böyük geosiyasi təzyiq altında yeni alıcılar axtarmağa
məcbur edəcək. Ekspertlərin fikrincə, bu vəziyyət “Lukoyl”un xarici
aktivlərinin satışına və dividendlərin ödənilməsi planlarına dair
qeyri-müəyyənliyi daha da gücləndirir.