
Bakı. Trend:
7 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristo
Kapodistrianı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə
əlaqədar qəbul edib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov səfir
Kapodistrianın Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli
münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək
ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfirlə söhbət zamanı son dövrlər ikitərəfli münasibətlərdəki
dinamika müsbət qiymətləndirilib. Bu çərçivədə, 2024-cü ilin noyabr
ayında Bakı şəhərində keçirilmiş COP29 Beynəlxalq İqlim Konfransı
və eləcə də 2025-ci ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş
Assambleyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Kiriakos
Mitsotakis arasında keçirilmiş görüşlərin əhəmiyyəti
vurğulanıb.
Ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin
ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyət kəsb etdiyi
qeyd olunub. İqtisadiyyat, ticarət, investisiyalar, enerji,
nəqliyyat-tranzit, turizm, təhsil və mədəniyyət sahələrində
əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın
mövcud olduğu diqqətə çatdırılıb.
Səfir Kristo Kapodistria öz növbəsində Yunanıstanın Azərbaycanda
səfiri kimi fəaliyyətini xoş təəssüratlarla xatırlayacağını
bildirib, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür
edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

