Kamran Əliyev
Sülh prosesinin etibarlı irəliləməsi üçün humanitar öhdəliklərin yerinə yetirilməsi zəruridir, bu həm beynəlxalq humanitar hüququn tələbidir, həm də davamlı sabitlik üçün vacib şərtdir.
“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetə müsahibəsində deyib.
O bildirilib ki, sülhün möhkəmlənməsinə yönəlmiş addımlardan biri kimi ölkəmizin Ermənistana göndərilən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırması “etimad quruculuğu” prosesinin “kağız üzərindən” real əməkdaşlıq mexanizminə çevrilməsinə rəvac verib:
“Bununla belə sülh gündəminin irəliləməsinə baxmayaraq, mina məsələsi regionda təhlükəsiz reinteqrasiya, qayıdış və bərpa prosesləri üçün hələ də ən ciddi maneələrdən biridir.
Döyüş əməliyyatları dayandırılandan indiyə qədər mina partlayışları nəticəsində 400-dən çox hərbi qulluqçu və mülki şəxs həlak olmuş və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışdır ki, bu göstərici mina təhlükəsinin miqyasını nümayiş etdirməklə dəqiq xəritələrin təhvil verilməsinin vacibliyini daha da artırır”.
Baş prokuror qeyd edib ki, Azərbaycan tərəfi məsələni həm beynəlxalq-hüquqi müstəvidə, həm də qurumlararası əməkdaşlıq çərçivəsində, o cümlədən iki ölkənin prokurorluqları vasitəsilə də qaldırıb ancaq təqdim edilən mina xəritələrinin yararlılığının 25 faizdən yuxarı olmaması təhlükəsizlik risklərini və mülki əhali üçün təhdidləri artırmaqla genişmiqyaslı təmizləmə işlərində gecikmələrə və əlavə resurslara səbəb olur.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

