Milli Məclisin sədri Sahibə Qafarova Braziliyada COP30-un Liderlər Sammitində çıxış edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ
Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu
sessiyasının (COP30) Liderlər Sammitində çıxış edib.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri çıxışında Azərbaycanın təşkilatçılığı ilə
COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib.
Onun sözlərinə görə, böyük maneələrə, qeyri-müəyyənliklərə
baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən
uğurlu COP-lardan birinə ev sahibliyi edərək, bu prosesi qətiyyətlə
həyata keçirdi. COP29-da Azərbaycan tərəflər arasında fikir
ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna
bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı.

Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan COP29-da Bakı
Maliyyə Hədəfinin qəbul olunmasına nail oldu ki, bu da 2025-ci
ildən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ
dollarının səfərbər edilməsini nəzərdə tutur. Sahibə Qafarovanın
sözlərinə görə, bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu
günə qədər əldə edilmiş ən böyük maliyyə paketidir. Həmçinin,
COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim
maliyyəsinin illik ən azı 1.3 trilyon dollara çatdırılması hədəfi
ortaya qoyuldu. Bu hədəfə nail olmaq üçün Azərbaycan Bakı-Belem Yol
Xəritəsini hazırlamaq üçün Braziliya tərəfi ilə sıx əməkdaşlıq
edib.

Milli Məclisin sədri COP29-un öz üzərinə götürdüyü bir sıra
digər əsas mandatların reallaşdırılması istiqamətində də uğurlu
nəticələr əldə etdiyini xatırladıb. Onun sözlərinə görə, bunlardan
biri də Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon
bazarlarını tənzimləyən qaydaların tamamlanmasıdır ki, bununla da
o, Paris Sazişinin qəbulundan 10 il sonra tam işlək hala
gəlmişdir.

Diqqətə çatdırılıb ki, COP29 həmçinin 2025-ci ildən başlayaraq
İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını və resursları
ödəməyə hazır olmasını təmin edib. Qlobal iqlim fəaliyyətində
şəffaflıq və hesabatlılığın təmin edilməsində mühüm addım olan
Genişləndirilmiş Şəffaflıq Çərçivəsi də aktivləşdirilib. Bundan
əlavə, zərərin təsirinin azaldılması, uyğunlaşma, gender, yerli
xalqlar və digər bir-biri ilə əlaqəli olan prioritetlərlə bağlı
geniş spektrli mühüm mandatlar üzrə də razılığa gəlindi.

Azərbaycanın ən həssas qrupların dəstəklənməsinə böyük diqqət
yetirdiyini söyləyən Milli Məclisin sədri vurğulayıb ki, ölkəmiz bu
öhdəliyi özünün COP29 Sədrliyinin əsas elementinə çevirib. Bu
məqsədlə Azərbaycan İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri
(SIDS) və Ən Az İnkişaf Etmiş Ölkələr (LDCS) nümayəndələrinin
COP29-da iştirakı üçün maliyyə dəstəyi göstərib. Azərbaycan
COP29-da Liderlər Zirvəsi zamanı SIDS üçün xüsusi konfrans təşkil
edərək, onların xüsusi narahatlıqları və prioritetlərinin yüksək
siyasi səviyyədə dinlənilməsi üçün platforma təmin etdi.

Çıxışda məlumat verilib ki, COP29 Sədrliyi, danışıqlara paralel
olaraq, Paris Sazişinin bütün əsas məqamlarını əhatə edən 14
təşəbbüsdən ibarət Fəaliyyət Gündəliyi hazırlayıb. Bu gündəliyin
əsas məqsədi təkcə hədəflər müəyyən etmək deyil, həm də bu
hədəflərə çatmaq üçün lazımi infrastrukturun yaradılmasına və əməli
tədbirlərin həyata keçirilməsinə nail olmaqdır. Lakin bu
nəticələrdən savayı, COP29-un çoxtərəfli sistemə inamı da bərpa
etdiyi vurğulanıb. Spiker Sahibə Qafarovanın sözlərinə görə, COP29
göstərdi ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi
qeyri-müəyyənlik dövründə belə, ölkələr yenə də bir araya gəlib
ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın
davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi
çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi.

Milli Məclisin sədri daha sonra bildirib ki, Azərbaycan COP28 və
COP30 Sədrlikləri ilə birlikdə iddialı Milli Səviyyədə Müəyyən
Edilmiş Töhfələri (NDC) təşviq etmək üçün güclü öhdəlik nümayiş
etdirdi. Azərbaycan, eyni zamanda öz milli səviyyədə müəyyən
edilmiş töhfələrini hazırlayarkən də eyni qətiyyəti göstərdi. Belə
ki, 2050-ci il üçün müəyyən edilmiş hədəfin reallaşdırılmasını 15
il önə çəkərək, bu hədəflərin 2035-ci ildə növbəti milli səviyyədə
müəyyən edilmiş töhfələr tsikli dövründə reallaşdırmağı hədəflədi.
Bu, son üç onillikdə ərazilərimizin işğal edilmiş və dağıdılmış
iyirmi faizində genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə
fəaliyyətlərini davam etdirdiyimiz şəraitdə belə, iqlim
fəaliyyətinə davamlı öhdəliyimizi əks etdirir.

Çıxışının sonunda Milli Məclisin sədri bir daha bəyan edib ki,
COP29-da iqlim fəaliyyəti üzrə mümkün şərtlərin formalaşmasından
sonra, COP30 iqlim planlarının daha da irəliyə aparılması üçün daha
bir imkan təmin edir. Azərbaycan COP30 prezidentliyinin “İcra COP”u
baxışının reallaşdırılmasında COP30 prezidentliyini tam
dəstəkləməyə və töhfə verməyə hazırdır. Spiker Sahibə Qafarova,
Braziliyanı bu mühüm prosesdə dəstəkləməyə, vacib qərarları qəbul
etməyə, planetimiz və gələcəyimiz üçün olduqca həlledici olan
fəaliyyətlərin həyata keçirilməsinə çağırıb.