
Bakı. Trend:
2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i
qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımı
müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa
çalışırlar. Bu doğru yanaşma deyil.
Trend xəbər
verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin
birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət
büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, artımın birinci mənbəyi qeyri-neft ÜDM-in
özünün artmasıdır:
“Gələn il qeyri-neft ÜDM-i nominal olaraq təqribən 10%, real
olaraq 5% artım proqnozlaşdırılır. Vergi isə nominal rəqəmlərdən
tutulur. Birinci növbədə ÜDM-in özü artdığına görə gəlirlər artır.
Hər zaman verginin ÜDM-dəki payına baxılır.
Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12.9 faizdirsə,
gələn il bu göstərici 13.1 faiz olacaq. Cəmi 0.2 artım artımdır,
ona görə ciddi vergi artımından danışmaq olmaz. Bu, yanlış bir
yanaşmadı”.
S.Babayev vurğulayıb ki, vergi paketi təqdim olunub və onlarla
müxtəlif yeni güzəşt nəzərdə tutulub.
“Yerli istehsal və kənd təsərrüfatı ilə bağlı geniş güzəştlər,
Naxçıvan qeyd edildi, sadələşdirilmiş vergi limitinin 200 mindən
400 minə qaldırılır, nağdsız əməliyyatlarla bağlı güzəştlər də
paketin tərkibindədir.
Ən çox müzakirə olunan məsələ isə muzldu gəlirə olan gəlir
vergisi məsələsidir. Bu barədə son günlər dəfələrlə mövqeyimiz
açıqlanıb. Əmək bazarının mütləq əksəriyyətini təşkil edən, yəni
2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisi 3 % olacaq.
Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəli
sürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi
tətbiq ediləcəkdi. Yəni iqtisadiyyat üzərində vergi yükünün
artdığını düşünmürük”, – deyə o fikrini tamamlayıb.


