“TAP İtalia” Aİ-nin ekoloji standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

“TAP Italia” şirkəti Avropa İttifaqının ekoloji idarəetmə üzrə
ciddi standartlarına uyğunluğunu təsdiqləyərək Avropa ekoloji
sertifikatının etibarlılıq müddətini müvəffəqiyyətlə uzadıb.

Bu barədə Trend
TAP AG konsorsiumuna istinadən xəbər verir

Sertifikatın uzadılması, TAP Italia şirkətinin 2025–2027-ci
illəri əhatə edən yenilənmiş ekoloji bəyannamə hesabatının
İtaliyanın Ətraf Mühitin Mühafizəsi və Tədqiqatlar üzrə Ali
İnstitutuna (ISPRA — Istituto Superiore per la Protezione e la
Ricerca Ambientale) təqdim edilməsindən sonra həyata keçirilib.
Yeni sənəd ekoloji səmərəliliyin əsas göstəricilərinin yenilənmiş
məlumatlarını əhatə edir, şirkətin İtaliyadakı obyektlərində əldə
olunan irəliləyişləri əks etdirir və növbəti üçillik dövr üçün
məqsədləri müəyyənləşdirir.




“TAP Italia” öz ilk ekoloji sertifikatını 2024-cü il iyulun
12-də, 2022-ci ildən təqdim edilən müvafiq hesabatlar əsasında əldə
edib. 2025-ci ildə şirkət sertifikatın müddətinin uzadılması
prosedurundan uğurla keçib və onun etibarlılıq müddəti 2028-ci ilin
iyun ayınadək uzadılıb.

Qeyd edək ki, bu sertifikatlaşdırma sistemi Avropa İttifaqının
təşəbbüsü ilə həyata keçirilən könüllü proqramdır və məqsədi
təşkilatların ekoloji səmərəliliyini daim artırmaq, həmçinin
maraqlı tərəfləri əldə olunmuş nəticələr barədə şəffaf şəkildə
məlumatlandırmaqdır.

Sertifikatın uzadılması TAP şirkətinin ekoloji məsuliyyət
prinsiplərinə sadiqliyini, normativ tələblərə riayət olunmasını və
layihənin həyata keçirildiyi bütün ölkələrdə fəaliyyətin şəffaf
monitorinqinə davamlı yanaşmasını əks etdirir.