“İçərişəhər” metrostansiyasında interval azaldılacaq – Bəxtiyar Məmmədov

Baş səhifə

Bakı.Trend:

Bakı.Trend:

“İçərişəhər” stansiyasının arxasında inşa ediləcək yeni dönmə
kamerası Bakı Metropolitenində qatar intervalının azaldılmasına
şərait yaradacaq, lakin bu proses sərnişinlərin hərəkətinə heç bir
maneə törətməyəcək.

Bunu Trend-ə bu
gün “Nərimanov” elektrik deposunda 3 yeni qatarın xəttə verilməsi
tədbiri çərçivəsində “Bakı Metropoliteni” QSC-nin nümayəndəsi
Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, işlər elə planlaşdırılıb ki, stansiyanın
fəaliyyəti və sərnişin təhlükəsizliyi təmin olunsun:

“İşlər elə aparılacaq ki, qatarlar əvvəlki kimi ‘İçərişəhər’
stansiyasına daxil olub sərnişinlərini daşıyacaq. Əsas məqsəd tam
təhlükəsiz şəraitdə infrastrukturun yenilənməsini təmin etməkdir.
Bu, metro üçün çox vacib inşaat məsələsidir, çünki gələcəkdə
xətlərin ayrılması ilə intervalın azaldılması böyük əhəmiyyət kəsb
edəcək”.




B. Məmmədov vurğulayıb ki, inşaat sahəsi stansiyanın qala
istiqamətində deyil, əks tərəfdə yerləşəcək:

“Həmin ərazidə aparılacaq işlər qala tərəfinə gediş-gəlişə və
sərnişin axınına heç bir təsir göstərməyəcək. Stansiyanın
yaxınlığında insanların hərəkətinə mane olacaq heç bir məhdudiyyət
planlaşdırılmır”.

O əlavə edib ki, layihənin yer seçimi və texniki həlli ilə bağlı
işlər artıq yekunlaşmaq üzrədir:

“Layihələndirmə mərhələsi başa çatmaq üzrədir. İstifadə olunacaq
üsullar, inşaat texnologiyaları və görüləcək yeniliklər yaxın
dövrdə ictimaiyyətə təqdim olunacaq. Bu ilin sonuna qədər layihə
üzrə fəal mərhələyə başlanması, növbəti ildən isə inşaat işlərinin
intensiv şəkildə aparılması gözlənilir”.