Madriddə Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı və qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin
təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü
münasibətilə Madrid şəhərinin mərkəzində “Sülhün səsi” adlı konsert
proqramı keçirilib.

Trend
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İspaniya
Krallığındakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, konsertdə Azərbaycanın tanınmış tarzəni, Əməkdar
artist Şəhriyar İmanov və pianoçu, caz ustası, bəstəkar Etibar
Əsədli zəngin musiqi proqramı ilə çıxış ediblər. Onların ifası
salonda böyük coşğu yaradıb, tamaşaçılar tərəfindən gurultulu
alqışlarla qarşılanıb. Tədbirin qonaqları Azərbaycanın zəngin
musiqisini, Caz-Muğam üslubunda improvizasiyaları dinləməkdən
xüsusi zövq alıblar.

Tədbirin açılışında söz alan səfir Ramiz Həsənov qeyd edib ki, 8
noyabr tarixi Azərbaycan xalqının yaddaşında ədalətin bərpa
olunduğu, ərazi bütövlüyünün təmin edildiyi əlamətdar gündür. O
bildirib ki, bu Zəfər əsası Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş uğurlu xarici və daxili siyasətin davamı olaraq Prezident
İlham Əliyevin uzaqgörən rəhbərliyi, xalqın həmrəyliyi, ordumuzun
qəhrəmanlığı və fədakarlığı sayəsində əldə olunub.

Səfir vurğulayıb ki, beynəlxalq hüququn prinsiplərinə və BMT
Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan öz
suverenliyini və ərazi bütövlüyünü bərpa edərək, otuz ilə yaxın
davam edən münaqişəyə son qoyub. Bu tarixi Qələbə regiona sülhə və
əməkdaşlığa əsaslanan yeni bir mərhələnin başlanğıcını gətirib.




O, həmçinin 8 avqust 2025-ci il tarixində Azərbaycan və
Ermənistan arasında imzalanmış Birgə Bəyanat və sülh sazişinin
paraflanmasının bölgədə barışıq və normallaşma istiqamətində
atılmış ən mühüm addım olduğunu qeyd edib. Səfir əlavə edib ki,
sülh və barışığın əsas təşəbbüskarı məhz Azərbaycan olub və bu gün
ölkəmizin gələcəyə, regional əməkdaşlığa və sülhə yönəlik
çağırışları beynəlxalq ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilir.

Səfir diqqətə çatdırıb ki, 8 Noyabr Qələbəsi gələcək nəsillərin
sülh və həmrəylik şəraitində yaşaması üçün dəyərli mirasdır. Bu
Qələbə Azərbaycan xalqının milli birliyi və sarsılmaz iradəsinin
rəmzi olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma və
əməkdaşlıq ruhunun təcəssümüdür.

Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq
Nazirliyinin yüksək vəzifəli diplomatları, ispan parlamentinin
üzvləri, dövlət qurumlarının rəsmiləri, diplomatik korpus və
beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, Madrid şəhər
bələdiyyəsinin rəsmiləri, eləcə də yerli ictimaiyyətin
ictimai-siyasi xadimləri, Azərbaycan icmasının üzvləri və
mədəniyyət xadimləri olmaqla 200 nəfərdən çox qonaq iştirak
edib.

Konsert proqramından sonra iştirakçılar üçün dostluq və səmimi
ünsiyyət mühitində qəbul təşkil olunub.