
Bakı. Trend:
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin
təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü
münasibətilə Madrid şəhərinin mərkəzində “Sülhün səsi” adlı konsert
proqramı keçirilib.
Səfirlikdən Trend-ə bildirilib ki, konsertdə Azərbaycanın tanınmış
tarzəni, Əməkdar artist Şəhriyar İmanov və pianoçu, caz ustası,
bəstəkar Etibar Əsədli zəngin musiqi proqramı ilə çıxış ediblər.
Onların ifası salonda böyük coşqu yaradıb, tamaşaçılar tərəfindən
gurultulu alqışlarla qarşılanıb. Tədbirin qonaqları Azərbaycanın
zəngin musiqisini, caz-muğam üslubunda improvizasiyaları
dinləməkdən xüsusi zövq alıblar.
Tədbirin açılışında söz alan səfir Ramiz Həsənov qeyd edib ki, 8
noyabr tarixi Azərbaycan xalqının yaddaşında ədalətin bərpa
olunduğu, ərazi bütövlüyünün təmin edildiyi əlamətdar gündür. Bu
Zəfər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu
xarici və daxili siyasətin davamı olaraq Prezident İlham Əliyevin
uzaqgörən rəhbərliyi, xalqın həmrəyliyi, ordumuzun qəhrəmanlığı və
fədakarlığı sayəsində əldə olunub.
Səfir vurğulayıb ki, beynəlxalq hüququn prinsiplərinə və BMT
Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan öz
suverenliyini və ərazi bütövlüyünü bərpa edərək, otuz ilə yaxın
davam edən münaqişəyə son qoyub. Bu tarixi Qələbə regiona sülhə və
əməkdaşlığa əsaslanan yeni bir mərhələnin başlanğıcını gətirib.
Səfir diqqətə çatdırıb ki, 8 Noyabr Qələbəsi gələcək nəsillərin
sülh və həmrəylik şəraitində yaşaması üçün dəyərli mirasdır. Bu
Qələbə Azərbaycan xalqının milli birliyi və sarsılmaz iradəsinin
rəmzi olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma və
əməkdaşlıq ruhunun təcəssümüdür.
Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq
Nazirliyinin yüksək vəzifəli diplomatları, parlament üzvləri,
dövlət qurumlarının rəsmiləri, diplomatik korpus və beynəlxalq
təşkilatların nümayəndələri, Madrid şəhər bələdiyyəsinin rəsmiləri,
yerli ictimai-siyasi xadimlər, Azərbaycan icmasının üzvləri və
mədəniyyət xadimləri olmaqla 200 nəfərdən çox qonaq iştirak
edib.
Konsert proqramından sonra iştirakçılar üçün dostluq və səmimi
ünsiyyət mühitində qəbul təşkil olunub.


