Buxarestdə Zəfər Günü qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

4 noyabrda Azərbaycan Respublikasının səfirliyinin
təşkilatçılığı ilə Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbir
keçirilib.

Trend xəbər
verir ki, tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik
nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Rumıniya hökumət
qurumlarının təmsilçiləri, Rumıniya parlamentinin senatorları və
deptatları, ictimai xadimlər, KİV nümayəndələri, Rumıniyada yaşayan
azərbaycanlılar, bu ölkədə rəsmi səfərdə olan Azərbaycan media
dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının və Rumıniyanın dövlət
himnləri səsləndirilib.

Tədbiri Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq,
Zəfər Gününün Azərbaycan xalqının milli qürur və iftixar günü
olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa
edib, ölkənin ərazi bütövlüyünü təmin edib.

O həmçinin 8 avqustda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə
Azərbaycan və Ermənistan arasında imzalanmış sülh deklarasiyasının
bütün regionun inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsb
etdiyini vurğulayıb. Qüdsi Osmanov qeyd edib ki, bu sənəd Cənubi
Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni mərhələnin əsasını
qoyub.

Rumıniya hökuməti adından Rumıniya Baş nazirinin müavini,
Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Rumıniya
tərəfindən həmsdəri, deputat Marian Neakşu çıxış edib. O,
Azərbaycan xalqını Zəfər Günü ilə təbrik edərək, Cənubi Qafqazda
sülhün bərqərar olmasını regionda beynəlxalq iqtisadi, nəqliyyat və
enerji layihələrin həyata keçirilməsi üçün vacib amil adlandırıb.
Marian Neakşu vurğulayıb ki, Rumıniya Azərbaycanı regionda sabitlik
və inkişafın təmin olunmasında mühüm tərəfdaş hesab edir və bu
əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.




Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan
çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik
edib. O qeyd edib ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi
qələbə türk dünyasının birliyini və qardaşlığını daha da
möhkəmləndirib. “Azərbaycanın Zəfəri bütün türk dövlətləri üçün
qürur mənbəyidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub və
bundan sonra da dost və qardaş ölkə kimi onunla həmrəyliyini davam
etdirəcək”, – deyə səfir vurğulayıb.

Ardınca Rumıniya müsəlman icmasının müftisi Yusuf Murat çıxış
edərək Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edib. O
vurğulayıb ki, bütün müsəlman dünyası Azərbaycan ilə Ermənistan
arasında uzun illər sürən mübarizənin sülh və sabitlik ilə
nəticələnməsini alqışlayır. Müfti regiona sülhün, təhlükəsizliyin
və bütün xalqların marağında olan rifanın gəlməsini yüksək ədalətin
təntənəsi adlandırıb.

O, çıxışını “Yurdda sülh, cihanda sülh” deyə Mustafa Kəmal
Atatürkün sözləri ilə yekunlaşdırıb.

Tədbir çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bədii
videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın qəhrəmanlıq
salnaməsindən, Vətən müharibəsində qazanılmış Qələbədən və azad
edilmiş torpaqların yenidən dirçəlişindən bəhs olunub.

Ziyafət proqramı musiqi ilə davam edib. Rumıniyada fəaliyyət
göstərən uşaqlardan ibarət musiqi qrupu Azərbaycan mahnılarını ifa
edərək tədbirə xüsusi rəng qatıb. Uşaqların ifası tədbir
iştirakçıları tərəfindən alqışlarla qarşılanıb və səmimi atmosfer
yaradıb.

Rəsmi ziyafət zamanı Azərbaycanın milli musiqi nümunələri
səsləndirilib, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları
təqdim olunub. Tədbirin qonaqları Azərbaycanın qazandığı qələbəni
yüksək qiymətləndirib, Azərbaycan xalqına sülh, firavanlıq və
davamlı tərəqqi arzularını ifadə ediblər.