Azərbaycanda əsgərlər mobil telefon ala biləcək

Baş səhifə

Azərbaycan əsgərləri yaxın vaxtlarda xidmət dövründə ailələri ilə daha rahat, amma eyni zamanda tam nəzarətli şəkildə əlaqə saxlaya biləcəklər.

Modern.az-ın məlumtına görə, 2026-cı ildən etibarən hərbi xidmətə çağırılan gənclər üçün “Əsgərcell” adlı xüsusi mobil rabitə paketi istifadəyə veriləcək.

Bununla bağlı Müdafiə Nazirliyi və “Azercell Telekom” MMC arasında yeni memorandum imzalanıb.

Layihənin əsas məqsədi əsgərlərin xidmət zamanı ailə üzvləri və sevdikləri ilə təhlükəsiz, məhdud və etibarlı rabitə imkanını təmin etməkdir.

Yeni sistem çərçivəsində əsgərlərə xüsusi şərtlərlə mobil cihaz və nömrə təqdim ediləcək. Hərbi qulluqçu yalnız “ağ siyahı”ya daxil etdiyi 5 nömrə ilə əlaqə saxlaya biləcək.

“Əsgərcell”də internet, SMS, beynəlxalq və rouminq xidmətləri tam bağlanacaq. Sadəcə təcili yardım, polis və yanğınsöndürmə kimi vacib xidmət nömrələrinə zənglər edilə biləcək.

Rabitə təhlükəsizliyini qorumaq və kənar risklərin qarşısını almaq məqsədilə nömrələrin qeydiyyatı və aktivləşməsi birbaşa hərbi hissələrdə “Azercell”in mobil satış məntəqələrində həyata keçiriləcək.

Beləliklə, “Əsgərcell” həm xidmət zamanı ailədən xəbər almaq üçün rahat vasitə, həm də rabitə təhlükəsizliyini təmin edən sistem kimi nəzərdə tutulur.